خبرگزاری شبستان

سه شنبه ۳ مهر ۱۳۹۷

الثلاثاء ١٥ المحرّم ١٤٤٠

Tuesday, September 25, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Friday, August 24, 2018 Xəbər kodu : 34642

Ziyarət qaydaları
"Ziyarət" sözü dilimizdə bir neçə anlamda işlədilir. Bu söz əksər hallarda müqəddəs şəxslərin məzarı üzərində tikilmiş məqbərələrə və ya pirlərə səfər edib, həmin yerlərə öz ehtiram və sayğısını ifadə etmək üçün bəzi əməlləri yerinə yetirmək mənasında qəbul edilir.

Ziyarət nədir?

"Ziyarət" sözü dilimizdə bir neçə anlamda işlədilir. Bu söz əksər hallarda müqəddəs şəxslərin məzarı üzərində tikilmiş məqbərələrə və ya pirlərə səfər edib, həmin yerlərə öz ehtiram və sayğısını ifadə etmək üçün bəzi əməlləri yerinə yetirmək mənasında qəbul edilir. Bununla yanaşı, müqəddəs sayılmayan adi insanların – müsəlman ölülərin qəbri üstə getmək, öz yaxın qohumlarının, valideynlərin məzarı ilə görüşmək də ziyarət anlamını ifadə edir. Hətta diri insanların görüşünə getmək, onlarla hal-əhval tutmaq da ziyarət sayılır.

Əzizlərinizi ölməmişdən qabaq ziyarət edin

İslam dinində bir müsəlmanın öz din qardaşları ilə mütəmadi görüşməsi, onların problemləri ilə maraqlanması, bu problemlərin həlli isitaqamətində çalışması ən savab işlərdən sayılır. Həzrət Mühəmməd Peyğəmbər (s) və imamlar məscidə camaat namazına bir gün gələ bilməyən adamın niyə gəlməməsi ilə maraqlanır, onun evinə gedir, xəstədirsə halını soruşur, çətinliyi varsa çıxış yolunu onunla birgə axtarırdılar. İmam Mühəmməd Baqirdən (ə) və İmam Cəfər Sadiqdən (ə) rəvayət edilən bir hədisdə deyilir: "Bir mömin öz din qardaşının ziyarətinə getsə və bunu öz boynundakı haqqı əda etmək niyyəti ilə yerinə yetirsə, atdığı hər addıma görə Allah onun əməl dəftərinə bir savab yazar, bir günahını silər və məqamını bir dərəcə yüksəldər. Din qardaşının qapısını döyəndə cənnətin qapıları onun üzünə açılar. Bu iki mömin görüşüb qucaqlaşanda Allah onları səmadakı mələklərə göstərib buyurar: "Mənim bu iki bəndəmə baxın ki, onlara vacib etdiyim haqqı icra etmək üçün görüşürlər. Mən də ozümə borc bilirəm ki, onları cəhənnəm atəşində yandırmayım". Həmin mömin öz din qardaşının görüşündən qayıdarkən atdığı hər addımda və aldığı hər nəfəsdə mələklər onu müşayiət edərlər. Gələn ilin həmin gününə kimi o, dünya bəlalarından və axirət əzablarından amanda qalar" (Biharül-ənvar, LXXVI, 34). 
İslamda qohumlarla mehriban rabitə saxlamaq xüsusi təkid edilir; buna "sileyi-rəhim" deyirlər. Quranın Mühəmməd surəsinin 22-ci ayəsində yer üzündə fitnə-fəsad törətməklə yanaşı qohumlarla əlaqəni kəsmək də Allahın lənətinə səbəb olan günah kimi göstərilir. İmam Mühəmməd Baqir (ə) buyurub: "Sileyi-rəhim insanın əməllərini paklaşdırar, mal-dövləti artırar, bəlaları uzaq¬laşdırar, qiyamət hesabını asanlaşdırar və əcəli yubadar" (Şeyx Küleyni. Əl-Kafi, II, 150).

Ölülərinizə hədiyyə göndərin

Vəfat etmiş şəxslərin məzarını ziyarət etmək müsəlman ənənəsində özünə möhkəm yer qazanmış əməllərdən biridir. Xalqımızın milli adətinə görə, ən azı bayramlarda, əlamətdar günlərdə qəbristanlığa gedir, oradakı ölülərin ruhunu yad edir, rəhmət oxuyurlar. Rəhmətə getmiş şəxsin doğum və ya ölüm günündə onun qəbrini ziyarət edirlər. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub ki, ölülərinizin qəbrini ziyarət edin, onların ruhuna salam verin. Onlar (ölülər) sizlər üçün bir öyüd və ibrətdir (Biharül-ənvar, LXXXII, 64).

Həzrət Əli (ə) müsəlmanları öz valideynlərinin məzarını ziyarət etməyə həvəsləndirərək buyurub: "Ölülərinizi ziyarət edin ki, onlar bununla sevinirlər. Öz ata-ananızın qəbri üstə onların haqqında dua etdikdən sonra Allahdan öz ehtiyaclarınızı istəyin" (Şeyx Küleyni. Əl-Kafi, III, 229-230). Peyğəmbərimiz də ata-ana məzarını ziyarət etmək barədə buyurmuşdur: "Kim hər həftənin cümə günündə ata-anasının məzarını ziyarət etsə və onların ruhuna Ya-Sin oxusa, hər bir hərfin əvəzinə Allah onun bir günahını bağışlayar" (Müttəqi Hindi. Kənzül-ümmal, XVI, 479, 45543-cü hədis).

Qəbr üstə ölünün ruhuna rəhmət oxumaq, onun günahlarının bağışlanması üçün dua etmək, Quran tilavət etmək ölünün ruhu üçün müəyyən qədər faydalı ola bilər. Rəvayətlərdə deyilir ki, bu zaman mərhumun qəbr əzabının yüngülləşəcəyi, onun ruhuna bəzi imtiyazların və güzəştlərin veriləcəyi, ruhunun qiyamətə kimi məqam baxımından yüksəldiləcəyi ehtimalı yaranır. İmam Cəfər Sadiqdən (ə) soruşdular ki, qəbr ziyarəti zamanı edilən dualar və xeyir əməllər ölüyə bir fayda gətirirmi? Imam buyurdu: "Bəli, həmin əməllərin savabı ölüyə çatır və o sevinir. Necə ki, bu dünyada sizə bir hədiyyə veriləndə sevinirsiniz" (Biharül-ənvar, LXXXII, 64).
İmam Musa Kazim (ə) möminlərin qəbrini ziyarət etməyə o qədər böyük əhəmiyyət verirdi ki, bunu hətta məsum imamların məzarını ziyarət etməyə bərabər tuturdu: "Hər kim bizim (Əhli-beytin) qəbrlərimizi ziyarət edə bilməsə, saleh qardaşlarımızın məzarını ziyarət etsin" (Biharül-ənvar, LXXIV, 311).

Məzar ziyarətinə gedərkən, qəbristanlığın qapısında durub orada yatan bütün ölülərin ruhunu salamlamaq müstəhəbdir. Qəbristanlıqda ölülərin ruhuna İxlas surəsini 11 dəfə oxumaq da müstəhəbdir. 

"Biharül-ənvar" kitabında bəzi övliyalara istinadən yazılıb ki, ölülər həftənin cümə günü, eləcə də bundan bir gün qabaq və bir gün sonra onların ziyarətinə gələnləri tanıyırlar (LXXXIX, 359). Yəni mömin ruhlara icazə verilir ki, həmin gün öz bədənləri yatan məzarın üstünə gəlsinlər və buranı ziyarət edən şəxslərə baxsınlar. Bəzi mənbələrə görə, qəbr ziyarətini həftənin cümə axşamı günü yerinə yetirmək daha məsləhətdir. Qəbr ziyarətinə gecə getmək məkruhdur, çünki İslam Peyğəmbəri Əbuzərə vəsiyyətində bunu qadağan etmişdi.

Möminlərin qəbrini ziyarət edərkən yaxşı olar ki, adam məzarın kənarında üzü qibləyə olmaq şərti ilə əyilib əlini qəbrin üzərinə qoysun və yeddi dəfə "Qədr" surəsini oxusun. Qəbr üstə adət-ənənəyə uyğun olaraq Fatihə və İxlas surələrini oxumaq, Ya-Sin surəsini tilavət etmək də müstəhəb sayılır. Bunlar sanki ölünün ruhuna bağışlanan hədiyyələrdir. Peyğəmbərimiz: "Ölülərinizə hədiyyə göndərin" deyə çox təkid edirdi. O buyururdu ki, rəhmətə getmiş şəxslərin ruhları həftənin cümə günləri dünya səmasına enib öz yaşamış olduqları evin qapısı ağzına gəlirlər. Onlar hüznlü səslə, dirilərin eşidə bilməyəcəyi şəkildə öz yaxınlarına, övladlarına yalvarır və onlardan hədiyyə istəyirlər. Ölülərin ruhuna ən yaxşı hədiyyə isə onların bağışlanması üçün Allaha dua etmək, sədəqə verib savabını onlara bağışlamaq, məzarları üstə gedib Quran oxumaq və mükafatını onların ruhuna göndərməkdir (bax: Məfatihül-cinan, səh. 569-570).

Məzarın yanında 3 dəfə bu duanı oxumaq da məsləhət bilinir: "Allahümmə inni əsəlükə bihəqqi Mühəmmədin və ali-Mühəmmədin ən la tüəzzibə hazal-meyyit" (tərc.: "Ilahi, Mühəmmədin və Ali-Mühəmmədin xatirinə Səndən diləyirəm ki, bu ölüyə əzab verməyəsən") (yux. mənbə, səh. 569). 
Bunu da qeyd edək ki, əzizlərimizin məzarını ziyarət edərkən onların ruhuna Quran oxutdurmaq üçün qəbristanlıqdakı molladan və ya başqa bir adamdan xahiş etmək vacib şərt deyil. Ərəb əlifbasını bilən adam özü də Ya-Sin surəsini oxuya bilər. Hətta ərəb əlifbasını bilməyənlər kiril və ya latın əlifbası ilə yazılmış çərəkələrdən və ya Quranın transliterasiya (tələffüz) nüsxələrindən də bunu oxuyub ölünün ruhuna hədiyyə edə bilərlər. Amma bu zaman məsləhətdir ki, həmin adam özü nə oxuduğunun mənasını başa düşsün. Bunun üçün əvvəlcə Ya-Sin surəsinin tərcüməsini oxumalı, surənin məzmunu ilə tanış olmalıdır. Belə olduqda, qəbr üstə Ya-Sin surəsini ərəb dilində oxuyarkən burada nədən söhbət getdiyini biləcək. Fikrimizcə, hər bir rəhmətə getmiş şəxs öz qəbri üstündə öz əzizinin dilindən Quran sədasını eşitsə, ruhu daha çox sevinər. 

Məqalənin əvvəlində deyildiyi kimi, ziyarət adətən mübarək məkanlara və müqəddəs şəxslərin məzarı üstünə getmək kimi anlaşıldığı üçün, növbəti hissədə məhz bu istiqamətdə daha geniş məlumat veriləcək.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده