خبرگزاری شبستان

یکشنبه ۲۷ آیان ۱۳۹۷

الأحد ١٠ ربيع الأوّل ١٤٤٠

Sunday, November 18, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, July 07, 2018 Xəbər kodu : 34068

Bəs mənim Yusifim (ə.f) hardadır?
Ataları, Yusifi (ə) qoruya bilmədiklərinə görə illərlə oğlanlarını bağışlamadı deyirik. Məgər biz Yusifimizi (ə.f) itirdiymiz üçün bağışlanmışıqmı?

Ataları, Yusifi (ə) qoruya bilmədiklərinə görə illərlə oğlanlarını bağışlamadı deyirik. Məgər biz Yusifimizi (ə.f) itirdiymiz üçün bağışlanmışıqmı?

 

İslaminSesi.info - QEYD: Bu məqalə Quran,hədis, tarixi mənbələr və müəllifin düşüncələri əsasında qələmə alınmışdır. Məqalə iki mənəvi dəyərin üzbə-üz qoyulması kimi anlaşılmasın. Bu məqalə sadəcə bəzi həqiqətlərin dolayı yollarla ifadəsidir. Səhv və naqislik varsa bu bizdəndir. Müvəffəqiyyət varsa şübhəsiz ki, bu Allahdandır.

 

 

Bir Yusif dünyaya gəldi. Xeyr, xeyr gəlmədi var oldu və yer üzərinə bir insan surətində nazil oldu. Maddi aləmin qanunlarına əsasən bizim dünyamıza qonaq gəldi. Bəli, bizim dünyamız. O, dünya ki, Hz Əli (ə) də onun vəsfində “sizin dünyanız” deyə xitab edərdi...

 

 Yusif (ə) hələ uşaqlıqdan qardaşlarının həsədi və paxıllıqlarının qurbanı oldu deyirlər. Məgər  O (ə.f) da hələ dünyaya gəlməmiş düşmənlərinin hədəfinə çevrilmədimi?

 

 Yusif (ə) dünyaya gələrkən onun dünyaya gəlişi hər yerə yayılarkən, Onun (ə.f) dünyaya gəlişi hər kəsdən gizlədilmədimi? Və bu səbəbdən Hz Musa və İbrahim (ə) –ma bənzədilmədimi?

 

 Yusif (ə) hələ uşaq ikən, qardaşlarının şərrindən (həsədindən) amanda qalsın deyə atasına yaxın ikən uzaq idi deyirlər. Məgər O (ə.f) da hələ uşaq ikən öz yaxınlarına və ardıcıllarına ən yaxın ikən, ən uzaq deyildimi?

 

 Yusif (ə) çox gözəldir dedilər və vəsf etməkdən doymadılar. Məgər Onun (ə.f) gözəlliyi bütün cahanı valeh etməyəcəkmi?

 

 Yusif (ə) bir müddət atasından ayrı yaşadı deyirlər. Məgər O (ə.f) da doğulduqdan bir müddət sonra atası ilə birgə hicrət etmədimi?

 

 Yusif yuxuda 11 ulduzun, ay və günəşin ona səcdə etdiyini gördü deyirlər. Məgər bütün bəşəriyyət onun (məntiq və ədalətinin) qarşısında vəcdə gəlib səcdə etməyəcəklərmi?

 

 Yusif (ə) kiçik yaşda qeyb oldu, itdi deyirlər. Məgər O (ə.f) da 5 yaşında qeyb olub, gözlərdən pünhan olmadımı?

 

 Yusifin qardaşları onu əldən verdikdən sonra yalançı göz yaşları tökdü deyirik. Məgər, biz o qardaşlardan çoxmu fərqlənirik? Dildə zühuru üçün dua edən, sonra günah edənlər bəs kimlərdir?

 

 Qardaşları Yusifi (ə) tapa bilmədikdə qanlı köynək və canavar hekayəsini uydurdular deyirik. Məgər bizlər də Onun (ə.f) günahlarımızdan dolayı pünhan olduğunu bildiyimiz halda, hey özümüzü paklığa çıxarıb bəhanələr uydurmuruqmu?

 

 Ataları, Yusifi (ə) qoruya bilmədiklərinə görə illərlə oğlanlarını bağışlamadı deyirik. Məgər biz Yusifimizi (ə.f) itirdiymiz üçün bağışlanmışıqmı?

 

 Qardaşları Yusifi əldən verdikləri üçün illərlə bağışlanma diləyib, ağladı deyirlər. Məgər biz də Yusifimiz (ə.f) üçün hələ də ağlayıb göz yaşı tökmürükmü?

 

 Qardaşları Yusifi (ə), Allahın vəlisi və gələcək peyğəmbərini öldürmək istəyirdilər lakin, Allah qorudu deyirlər. Məgər bəşəriyyətin Xilaskarının (ə.f) da qətlinə fərman verilmədimi? Məgər gözlərdən pünhan olması ilə Allah da Onu (ə.f) qorumadımı?

 

 Yusif (ə) quyudan çıxarıldıqdan sonra yenidən öz qəbiləsinin və ailəsinin gözlərindən pünhan oldu deyirlər. Məgər O (ə.f ) da ikinci dəfə qeybə çəkilərək, əzizlərinin gözündən pünhan olmadımı?

 

 Yusif (ə) quyudan çıxarılaraq, Misirin bazarlarına gətirildi və bir müddət öz əzizlərini itirmiş şəxs kimi sərgərdan oldu deyirlər. Məgər O (ə.f) da öz əzizlərini itirmiş şəxs kimi illərdir səhralarda sərgərdan deyilmi?

 

Yusif (ə) barədə sürə nazil oldu deyirlər. Məgər Quranın həqiqəti elə Onun (ə.f) özü deyilmi?

 

Yusif çox həyalı idi deyirlər. Məgər O (ə.f) bütün əxlaqi xüsusiyyətlərin yer üzündə təcəllası deyilmi?

 

Yusifə (ə) Allah izzət verdi deyirlər. Məgər O (ə.f) izzət və qüdrətin təmsilçisi olmaycaqmı?

 

Züleyxa Yusifi (ə) günah dolu bir eşq ilə sevirdi deyirik. Məgər biz Ona (ə.f) günahsız bir eşq bəsləyə bilirik?

 

 Züleyxanın Yusiflə (ə) münasibətində ittiham edən bizlər, öz Yusifimizlə (ə.f) etdiyimiz əməllər qarşısında heç özümüzü ittiham etdikmi?

 

Yusif (ə) Züleyxanın günahlı eşqinə cavab vermədi deyirik. Məgər Yusifimiz (ə.f) bizim günah dolu eşqimizə cavab verir? Məgər eşq paklıq tələb etmir? Məgər Hz Yusif (ə) demədi ki, “eşq müqəddəsdir və xəyanət əhli aşiq ola bilməz?!”

 

Züleyxanı hey qınadıq və: “Züleyxa elə etdi, belə etdi” dedik. Amma Züleyxanın xeyirli aqibətini danışmağa utandıq. Çünki, Yusifimizə qarşı biz də Züleyxa kimi xəyanət dolu bir eşq bəslədik, amma Züleyxa kimi paklana bilmədik ki? Bilmədik... Züleyxanı qınayan bir dil olduq lakin, Züleyxa kimi ola bilmədik...

 

Yusif öz əzizləri tərəfindən satıldı və sarayda da yenə Züleyxa tərəfindən xəyanətə məruz qaldı deyirik. Məgər biz də hər gün Ona (ə.f) əməllərimizlə xəyanət etmirikmi? O Züleyxa sanki bizik elə deyil?

 

Züleyxa Yusifi (ə) Misirin ən təhlükəli və amansız zindanına (Zaviraya) göndərdi deyirik. Məgər biz Yusifimizi (ə.f) ən təhlükəli və amansız zindan olan, “günah” zindanımıza həbs etmədikmi?

 

Yusif (ə) illərlə zindanda qaldı deyirlər. Məgər O (ə.f) da günahlarımız ucbatından zindanda (qeybdə) deyilmi?

 

Yusif (ə) zindanda olsa da çoxlu dostları vardı deyirlər. Məgər Onun (ə.f) da çoxlu dostları yoxdurmu?

 

Yusif (ə) zindanı da gülüstana çevirdi deyirlər. Məgər Yusifsiz (ə.f) abadlıq belə viran deyilmi?

 

Yusif (ə) yuxu yozma elminə malik idi deyirlər. Məgər O (ə.f) da əvvəldəkilərin və sonrakıların elminə bələd deyilmi?

 

Yusif (ə) Misirin əzizi oldu deyirlər. Məgər O (ə.f) bütün qəlblərin əzizi deyilmi?

 

Yusif (ə) Misir xalqının xilaskarı oldu deyirlər. Məgər O (ə.f) bəşəriyyətin xilaskarı olmayacaqmı?

 

Yaqub (ə) illərlə itmiş Yusifini axtardı. Hey “Mənim Yusifim hardadır” deyərdi. Məgər biz Yusifimizi illərlə axtarıb “Yusifimiz (ə.f) hardadır?” demədikmi?

 

“Yaqub öz oğlu üçün niyə belə çox ağlayır” deyənlər, bu gün də öz Yusifinə (ə.f) eşq bəsləyənlərə “nə qədər gözləyərsiniz” demirlərmi? Amma onlar anlamadılar ki, Yaqub (ə) və Yusif (ə) hadisəsi ata-oğul eşqi deyil, Allahın vəlisinə olan eşqin bir qətrəsi idi.

 

Yaqub nəbi, Yusifinin (ə) ayrılığına dözə bilmirdi deyirlər. Məgər biz Yusifimizin (ə.f) ayrılığına dözə bilirikmi?

 

Qıtlıq (iqtisadi zülm) Kənan çölünü bürüdü deyə Allah vasitələrlə Yusifi ona qovuşdurdu deyirlər. Məgər zülm bütün dünyanı bürüməyibmi?

 

Yusif qardaşlarının etdiyi zülmlərə baxmayaraq onlarla mehriban rəftar etdi deyirlər. Məgər O (ə.f) etdiyimiz bu qədər günah zülmünə rəğmən bizə dua edib, günahlarımıza görə göz yaşı tökmürmü?

 

Yusif (ə) qardaşlarına qucaq açdı, bağrına basdı və: “Sizi çoxdan tanıyırdım, amma ilahi təqdir sizə özümü nişan verməyə mane oldu” dedi deyirlər. Məgər bizim Yusifimiz (ə.f) də bizi bağrına basıb, bu günahkar dostlarına qucaq açmazmı? “Mən hər an sizinlə idim, lakin ilahi təqdir üzündən sizə özümü nişan verə bilmirdim” deməzmi? Məgər Onu (ə.f) görən hər kəs, “sanki onu hardasa görmüşəm” deyə bir hissə qapılmazmı?

 

Yusifin qardaşları Yusif (ə) önlərində olduğu halda görmədi deyirik. Məgər biz Yusifimizi (ə.f) görə bilirik?

 

Əgər Yusifin qardaşları tez tövbə edib günahdan pak olsaydılar bu ayrılıq uzun çəkməzdi deyirik. Məhz bu sözə əməl etmədiyimizə görə Yusifimizdən (ə.f) ayrı düşməmişik?

 

Züleyxa illərlə Yusif deyə-deyə ağlayıb göz yaşı tökdü, Yusif deyə-deyə Yusifi oldu dedik, dedik, amma biz Züleyxa kimi Yusifi (ə.f) ola bilmədik.

 

Züleyxa məşuqunun eşqində yox oldu, Züleyxadan əsər-əlamət qalmadı, deyirik, lakin biz Züleyxa kimi aşiq ola bilmirik.

 

Yaqub (ə) Yusifin (ə) intizarını, Yusifdə (ə) onun intizarını çəkirdi deyirlər. Məgər biz Yusifin (ə.f), Yusifdə (ə.f) bizim intizarımızda deyil?

 

Yusifim (ə.f)! Peyğəmbərlərə bənzəyən Yusifim (ə.f)!

 

İslam peyğəmbərinə (s) əxlaq və yaradılış baxımından ən çox bənzəyən Yusifim (ə.f)! Uzun ömürlülükdə Nuha (ə) məxfi dünyaya gəlişi ilə İbrahim və Musaya (ə) , yenə bəzilərinin şərrindən qorxaraq şəhərdən qaçmaqda Musaya (ə) bənzəyən Yusifim (ə.f)!

 

İsa (ə) barədə “o dünyaya gəldi” “o hələ dünyaya gəlməyib” “ öldürüldü” deyərək ixtilafa düşdülər.

İxtilaf mövzusunda da İsaya (ə) bənzəyən Yusifim (ə.f). İsmail (ə) kimi müjdə verilən Yusifim (ə.f).

Adəm (ə) yer üzündə xəlifə oldu. Bu baxımdan da Adəmə (ə) bənzəyən, yer üzündə yeganə hakim Yusifim (ə.f).

 

Saleh peyğəmbər (ə) qövmünün gözündən bir müddət qeyb oldu. Yenidən aralarına qayıtdıqda bəziləri onu inkar etdi. Bu cəhətdən də Salehə (ə) –ma bənzəyən Yusifim (ə.f).

 

Əyyub kimi giriftarçılıqdan sonra nicat tapan Yusifim (ə.f). Yunus və Şüeyb (ə) kimi qövmünə cavan və gümrah şəkildə qayıdan Yusifim (ə.f). Davud (ə) kimi ədalət və hökm verən Yusifim (ə.f).

 

Harun (ə) kimi öz ardıcılları ilə uzaq məsafələrdən olsa belə vasitəsiz danışan Yusifim (ə.f).

 

Ey Yaqubu Yusifinə qovuşduran Allahım! Bizi də Yusifimizə (ə.f) qovuşdur. Yaqubun gözlərini Yusifi ilə işıqlandırdığın kimi bizim də gözümüzü Yusifimizlə nurlandır. Günahkar Züleyxanı pak və həqiqi aşiq edən Rəbbim! Züleyxa pak oldu və məşuquna qovuşdu. Bəs biz? Bizi də Züleyxa kim pak et və həqiqi aşiqlərdən qərar ver. Bizdə Yusifin (ə) qardaşları kimi xəyanətkar və günahkarıq. Yusif (ə) öz qardaşlarını məhəbbətlə bağrına basdığı kimi sən də ey Yusifim (ə.f) bizə qucaq aç, bağrına bas, əzizlə. Qoy bu günahkar qəlblər sənin məhəbbətinlə dəniz kimi təlatünə gəlib coşsun, daşsın. Öz günah yükünü ləpələr vasitəsilə sahilə atsın. Sən bizi vəcdə gətir, gətir ki, günahla çirklənmiş dəniz kimi qəlbimiz, hərəkəti ilə paklaşsın. Axı hər bir hərəkət edənin bir hərəkət etdirəni vardır. Sən bizi hərəkətə gətir. Yatmış əqilləri oyat qəflətdən.

 

Biz səni gördükdə utandığımızdan başımızı aşağı dikdikdə, sən öz alicənablığını nümayiş etdir. Qoyma sənin aşiqlərin utansın və xəcalət səbəbindən başları aşağı dikilsin. Biz günahlarımzıdan dolayı səni səhralara saldğımız üçün səndən üzrxahlıq etmək istədikdə və Yusifin qardaşları kimi “bu gün bizimlə nə edəcəksən?” dedikdə, Sən də Yusifin qardaşlarına səsləndiyi kimi bizə mehriban ol və ürək yanğısı bizə səslən və de: “Bu gün qardaş qardaşı ilə məhəbbətdən savayı nə iş görər?”

 

De ki, sizin günahlarınız məni illərlə sizlərdən ayırsa da, etdiyiniz hər günah qəlbimi parçalasada yenə də sizə qarşı məhəbbətdən başqa bir şey bəsləmədim. Sizi hər an görür, lakin ilahi təqdir icazə vermədiyindən sizə səslənə bilmirdim. De ki, Yusif (ə) qardaşlarını sevdiyi kimi mən də sizi bütün varlığımla çox sevirəm. Sizinlə görüşmək üçün hər anı və dəqiqələri sayırdım... İcazə vermə nitqə gəlib səndən üzr belə istəyək. Axı sən kərəm, izzət və qüdrət sahibisən. Qüdrətə çatan qisas almaz, əfv edər, bəxşiş edər. Günahlarımızdan pak etməklə bizə bəxşiş et. De ki, bu gün xəcalət çəkmə günü deyildir. Qoy bizdə bu mənzərə qarşısında Yusifin qardaşları kimi deyək: “Pərvərdigara! Biz günah etmişik, amma Yusifimiz (ə.f) utanır. Məgər bizim kimi zalımlar bağışlanmağa layiqdir?” Sən belə et ki, qoy hamı görə ki, biz günahlarımızla necə uca və əziz birinə zülm etmişik.

 

Bir cümə günəş kimi doğ üzərimizə. Gəl ki, cüməmiz həqiqətən mübarək olsun. Gəlişinlə firqələrə bölünmüş bu ümməti cəm et. Gəl ki, hamı bir hədəf uğruna çalışa. Gəl ki, hər cümə qəlblərdən ucalan “Mənim Yusifim hardadır” fəryadları sona yetə.

 

Vəsfinə aciz olduğum Yusifim (ə.f) hardadır? Hardadır mənim İsamın (s.ə) məzarını mənə göstərən? Hardadır gizlədilmiş “Xəzinəni (s.ə)” aşikar edən? Hardadır əqillərimizə məsh çəkən məsihimiz? Hardadır eşq və xəyanəti bir-birindən ayırd edə bilməyən aşiqlərin aşiqi? Hardadır mənim Yusifim (ə.f)? Mənim Yusifim hardadır? Yusifimi görməsəm də bir gün o gələr sorağıma bilirəm. Məgər O yalnız yaxşıların Yusifidir (ə.f)? Əgər ancaq yaxşıların əlindən tutursa bəs mən sərgərdan və hidayət gəmisindən uzaq düşənin halı necə olsun? Bizim günahımıza görə narahat olan Yusif (ə.f), ona tərəf gedənə özü qaçaraq gəlməzmi? Onu səsləyənə “can”deyərək səslənməzmi? Ona dərdini deyənə qulaq verməzmi?

 

 

Mən Yusifimi gözləyirəm. Bir gün bu dünya gözləri ilə onu görməsəm də, O (ə.f)  bir gün mütləq gələcək və biz günahkarları da yad edəcək.

 

Ey mənim Yusifim (ə.f)! Mən İsamı (s.ə) da axtardım, tapmadım. Amma bir gün o məni tapdı və öz Yusifi (ə.f) ilə tanış etdi. Yoxsa mən nə bilərdim ki, belə gözəl Yusifim (ə.f) var. Ey mənim Yusifim (ə.f)! İsam (s.ə) kimi tap məni. Məni, mənə qovuşdur, itmişəm qeyb olmuşam. Özünü itirən səni tapa bilməz ki... Həqiqətimi mənə qaytar. Züleyxa kimi bizdə kor olduq. Lakin Züleyxa kimi sənin eşqindən ağladığımıza görə yox, günah eşqi bu gözləri kor edib. Yusif Züleyxa üçün dua etdi Allah da ona şəfa verdi. Biz də Züleyxa kimiyik. Bizə də sən dua et. Sən də bizim Yusifimizsən (ə.f). De ki: “İlahi! Bunlar günahkar olsalar belə, qəlblərinin dərinliklərində bir ümid nuru vardır. Günahlarına rəğmən göz yaşı axıdır, peşmançılıqlarını iqrar edirlər.” Ey Yusifim (ə.f)! De ki: “Onlar mənim yoxluğumda hey gəlişim üçün Fərəc duasını oxuyanlardır.” De ki: “Onlar mənim sevincimə sevinən kədərimə üzülənlərdir.” De ki:“Onlar hər sübh əhdlərini duaları ilə yeniləyənlərdir. 40 gün yox, yaşadıqları hər gün onu oxudular.” Ey Yusifim (ə.f)!  De ki: “Onlar dualarında köməyimə tələsən, əmrlərimə itaət edənlər və hətta gözüm qarşısında şəhid olmağı arzu edənlərdir.” De ki: “Onlar məni o qədər çox sevirdilər ki, hətta ölsələr belə yenidən mənimlə birgə qiyam etmək üçün kəfən geyinmiş və qılınclarını siyirmiş haıda dirilməyi səndən təvəqqi edənlərdir.” De ki: “Onlar yer üzərindəki fəsadlardan cana doyanlar və mən Xilaskara (ə.f) üz tutanlardır.”

 

De ki: “Onlar mənim gəlişimlə peyğəmbərin (s) də qəlbinə sevinc bəxş etmək istəyirdilər.” Ey Yusifim de ki: “Artıq mən zühur edib və Peyğəmbərin (s) qəlbini sevindirmişəm, sən də bu dua edənlərin qəlbini sevindir. Dillərində iqrar etdikləri, etmədikləri qəlblərinin dərinliklərində gizli olan dualarını qəbul et.”

 

Ey mənim Yusifim (ə.f)! Məni bu qaranlıq qeyb aləmindən xilas et, ey mənim Xilaskarım (ə.f)! O mübarək əllərini gözlərimə sür ki, günahla kor olan bu gözlər səni görə bilsin ey mənim məsihim. Sən də İsam (s.ə) kimi məsihim ol. Qoy sənə də deyim: "O (ə.f) mənim ikinci İsamdır, O (ə.f) mənim məsihimdir."

 


Mahir Şəkərov – İlahiyyatçı yazar.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده