خبرگزاری شبستان

دوشنبه ۲۸ خرداد ۱۳۹۷

الاثنين ٥ شوّال ١٤٣٩

Monday, June 18, 2018

Servis Əsas səhifə Zaman :   Wednesday, May 30, 2018 Xəbər kodu : 33723

Ramazan ayında ən fəzilətli əməl nədir?
Ramazan ayı münasibətilə ruhani Rüfət Məmmədovla müsahibə

Ramazan ayını yaşayırıq. Bu ayda Allahın mənəvi süfrəsində əyləşmək, ilahi ruzidən qidalanmaq insanlara bir lütfdür. Maide.Az mübarək Ramazan ayı boyunca müxtəlif məlumatlarla yanaşı, ruhanilərin də müsahibələrini dərc edir. Qonağımız  ruhani Rüfət Məmmədovdur.
 

Bismillahir-Rəhmanir-Rəhim

1. İlk dəfə oruc tutmağa nə vaxtdan başlamısınız? Bu barədə maraqlı xatirələriniz…

Mən ilk orucumu 1994-95-ci illərdə tutmağa başladım. Maraqlı xatirələr çoxdur, lakin biri mənim yadımda cox yaxşı qalıb. Bir vaxt oruc idik, o zamanlar informasiya zəif olduğundan, “Fitr” bayramı haqda məlumat əldə etmək çətin idi. Ramazan ayının 30-cu günü oruc idik. Təxminən, günorta vaxtı idi. Bu zaman oruc tutanlardan biri məhəlləyə gəlib bayramın elan olunduğunu xəbər verdi. Mən o qədər sevinmişdim ki, birbaşa alma ilə orucumu açdım.

Tələbəlik illərində də xatirələr olub. Mədrəsədə oxuyarkən ilk tələbəlik illərində Ramazan bayramı elan olundu. Tələbələr bir-birini səmimi qucaqlayaraq bayramlarını təbrik edirdilər.

2. Orucluq haqqında şəxsi təəssüratlarınız haqda nə deyə bilərsiniz?

İnsan orucluqda nəsə fərqli şeylər hiss edir. Yemək-içməkdən əlavə, insan fərqli məsələlərin olduğunu dərk edir, mənəvi ab-hava yaşayır. İnsan özündə müsbət mənada yüngüllük hiss edir. Mənəvi cəhətdən sakitləşir. Orucluqda hər cəhətdən xüsusi şeylər hiss olunur.

3. Oruc haqqında Peyğəmbər (s) və ya məsumlardan (ə) bir hədis sizin dilinizdən eşidək.

Peyğəmbər (s) buyurur: “Hər bir şeyin zəkatı olduğu kimi, bədənlərin də zəkatı orucdur.”

O həzrət başqa bir hədisdə belə buyurur: “Oruc cəhənnəm odu qarşısında qalxandır.”

Bildiyiniz kimi, neçə ildir ki, orucluq yay fəslinə təsadüf edir və yay fəslində tutulan orucun savabı və fəziləti haqda imam Sadiq (ə) belə buyurur: “Ən üstün cihad isti havada oruc tutmaqdır.

4. Orucluqla bağlı cəmiyyət üçün zəruri hesab etdiyiniz bir şəri məsələ deyərdiniz.

İnsanlarda müəyyən xəstəliklər olur və onlarda “mən xəstəyəm, oruc mənə vacib deyil” – təfəkkürü geniş surətdə formalaşıb. Əslində, insan özü özünə müraciət etməlidir. Oruc tutmağın ona doğrudan da zərərli, təhlükəli olduğunu görərsə, oruc ona vacib deyildir. Belə bir halda, oruc tutmaq olmaz. Amma, əgər şəxs özü orucun ona zərərli olmadığını bilirsə, hətta həkim ona “orucun sənə ziyanı vardır” desə də, oruc ona vacibdir. Bəzən həkimlər insanları çaşdırırlar. Bəzən də həkim kiçik bir məsələni araşdırmadan orucun insana ziyan olduğunu deyir. Bir sözlə, insanlar bu hökmə həssas yanaşmalıdırlar.

5. Orucluğun İslam cəmiyyəti üçün hansı təsiri var?

Peyğəmbəri-Əkrəm (s) buyurduğu kimi, əgər müsəlmanlar Ramazan ayının fəzilətini dərk etsəydilər, bütün ayların Ramazan olmasını arzulayardılar. Möminlər bu mübarək ayda Allahın ziyafətinə dəvət olunurlar. Allahın rəhməti onlara şamil olur. İnsanlar acları, kasıbları iqtisadi cəhətdən dərk etməlidirlər. Onların mənəviyyatında müsbət cəhətdən dəyişiklik olmalıdır. Bu mübarək ayda, il boyu qurşandıqları günahlardan təmizlənirlər. Qohum-əqrəba arasında münasibətlər yaxşı mənada dəyişilir. Küsülülər barışır. Fəqirlər yada düşür, ehsan etmək, əl tutmaq insanlar arasında artır. Xüsusən, insanlar bu rəhmət ayında İslam dünyasının problemlərini xatırlamalıdırlar. Bizim cəmiyyət İslam dünyasında gedən proseslərə soyuqqanlı olmamalıdırlar. Əlhəmdulillah, bu aktivlik müşahidə olunur.

6. Ramazan ayı həm də Quranın baharı hesab olunur. Bu ayda bir ayənin tilavəti bir Quran xətminə bərabərdir. Oruc tutan şəxslərə hansı ayəni oxumağı tövsiyə edərdiniz?

Bu ayda Quranın hər bir ayəsini, surəsini oxumaq gözəldir. “Qədr” surəsini çox oxumağı tövsiyə edərdim. Əlbəttə, bu mənim fikrim deyil. Xüsusilə, Ramazan ayı gecələrində imsak və iftar vaxtları “Qədr” surəsini oxumağın fəziləti çoxdur. Hədislərdə var ki, hər kim Ramazan ayının gecələrində min dəfə “Qədr” surəsini oxusa, mənəvi cəhətdən yüksək nailiyyətlər əldə edər.

7. Zəhmət olmasa, Ramazan ayı barədə məsumlardan (ə) və ya din alimlərindən ibrətli bir hadisə nəql edərdiniz.

Şair Nəcaşinin mübarək Ramazan ayına hörmətsizlik edib şərab icməsini demək istəyərdim. Həzrət Əli (ə) ona Ramazan ayına hörmətsizlik etdiyi üçün cəza təyin etdi. Nəzərimcə burda böyük bir ibrət dərsi var. Cəmiyyətimiz Ramazan ayının hörmətini saxlamalıdır. Hətta oruc tutmayanlar, xəstələr belə ictimaiyyətdə Ramazan ayının hörmətini saxlamalı, aşkar surətdə yemək-içməkdən çəkinməlidirlər.

8. Oruc tutanlara hər hansı bir tövsiyəniz varmı?

Mən özümü tövsiyə etmək məqamında görmürəm. Lakin bütün mömin bacı və qardaşlara bunu deyə bilərəm ki, Ramazan ayının qədrini bilək. Ömür vəfa etmir. Əlimizdə olan bu ayın qədrini bilək. Çünki hər il Ramazan ayından gələn Ramazan ayına qədər bir çox hadisələr baş verir, nə çox insanlar dünyadan gedir, nə çox ömürlər bitir. Bunun özü də ibrətdir. Allahın ziyafət ayındayıq. Şükürlər olsun ki, Ramazan ayını dərk etmişik, bunun qədrini bilək. Bu aydan bacardığımız qədər, layiqincə istifadə edək.

Peyğəmbəri-Əkrəm (s) “Şəbaniyyə” xütbəsində imam Əlinin (ə) “Bu ayda ən fəzilətli əməl nədir?” – deyə soruşduğu sualın cavabında buyurur: “Ən fəzilətli əməl haramlardan çəkinməkdir.” Çalışaq, orucumuz ən azından “xüsusi oruc” bölümünə şamil olsun. Bildiyimiz kimi, oruc üç hissəyə bölünür: ümumi, xüsusi və xassul-xas (xüsusidən xüsusi). Təkcə yemək-icməkdən imtina etməklə kifayətlənməyək, həm də bədən üzvlərimiz də oruc olsun. Orucluq bizim həvayi-nəfsimizlə mübarizə etməyimiz üçün bir fürsətdir. Bu ay bizə nəfsi istəklərimizlə mübarizə etməyi aşılayır. Çalışaq, il boyu bu mübarizə əhval-ruhiyyəsini qoruyub-saxlaya bilək!

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده