خبرگزاری شبستان

دوشنبه ۲۶ آذر ۱۳۹۷

الاثنين ٩ ربيع الثاني ١٤٤٠

Monday, December 17, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, March 27, 2018 Xəbər kodu : 32975

İmam Cavadın (ə) dualarından nümunələr
28 Mart – 10 Rəcəb – İmam Muhəmməd Təqinin (ə) və imam Hüseynin oğlu həzrət Əliəsğərin (ə) mövlud günüdür

Şiə məktəbi çox zəngin dua, münacat və ziyarət mədəniyyətinə malikdir ki, islami təriqətlərin heç birində bu qədər dua, münacat və ziyarətnamələr yoxdur. Elə bu da şiə mədəniyyəti və cəmiyyətində dini ixlas, nəfsin saflaşması və paklanmasını gücləndirən şiəliyin mənəvi çöhrəsinin əlamətidir.

Şiə imamları arasında duanın çox önəmli və uca yeri vardır. Onlar dua haqqında çox təkid etmiş və bu barədə qiymətli bir irs qoymuşlar. İmam Cavad (ə) öz proqramında dua və münacata çox əhəmiyyət vermiş, şiələri tərbiyə etməkdə, şiə mədəniyyət və təlimləri ilə tanış etməkdə dua və münacat qəliblərindən geniş surətdə istifadə etmişdir. Bu dualarda Allahla raz-niyaz etməklə yanaşı, bəzi siyasi-ictimai məsələlərə də müxtəlif şəkillərdə işarə olunmuşdur. Elə bu işarələr şiənin siyasi həyatında çox təsirli olmuş və nizamlı olaraq bəzi xüsusi məfhumları cəmiyyətə təlqin etmişdi. Həm də mam Cavadın (ə) duaları mənəvi həyatının bir hissəsini təşkil edirdi. O həzrət dualarında belə deyir:

1. İmam (ə) bu duada Allah-Taalaya həmd-səna deyir, sədaqətlə Ona üz tutub əzəməti qarşısında baş əyrərək deyir:

Ey oxşarı və tayı-bərabəri olmayan! Sən, Səndən başqa bir tanrı olmayan Allahsan. Təkcə yaradan Sənsən. Yaranmışları fani edənsən, özün isə əbədisən. Sənə qarşı üsyan edənlə mülayim davranırsan. Çünki məğfirət və bağışlamaq istəyirsən. (“Əyanuş-şiə”, c.2, səh.245.)

2. Aşağıdakı dua imam Cavadın (ə) siyasi dualarından biridir. Bu duada zəmanəsinin hakimləri tərəfindən o həzrətə olunan zülm və cəfaları yad edir. Duada deyilir:

“Ey mənim Rəbbim! Yer üzündə bəndələrinin zülmü elə yayılmışdır ki, ədaləti öldürmüş, hidayət yollarını kəsmiş, haqqı yox etmiş, doğruluğu batil etmiş, yaxşılığı gizlətmiş, pisliyi aşkar, təqvani əhəmiyyətsiz və hidayəti məhv etmiş, xeyir və yaxşılığı uzaqlaşdırmış, zərər və ziyanı isə möhkəmləndirmişdir. Fəsadı yaymış, inadkarlığı gücləndirmiş, haqsızlığı genişləndirmiş, tərəqqinin qarşısını isə almışdır. İlahi, ey mənim Rəbbim! Yalnız Sənin qüdrətin buna son qoya bilər, yalnız Sənin yardımın buna çarə qıla bilər.

Ey mənim Rəbbim! Zülmü məğlub et, haqsızlıq yuvalarını dağıt, pislik bazarını bağla, pisliyə qarşı çıxana qüdrət ver. Zülm əhlinin kökünü kəs. Onları bu xüsusiyyətdən çəkindirib tövbə libasına bürü. Tezliklə onlara düşüncə və ibrət dərsləri ver. Bütün pisliklərin həyatını söndür ki, qorxu keçirən əmin-amanlıqda olsun, həsrət çəkən təskinlik tapsın, qarnı ac olan tox olsun, qərib və yoxsul adam hifz olunsun, köçkün sığınacaq tapsın, qovulmuş öz yurduna qayıtsın, kasıb varlansın, sığınacaq axtaran sığınacaq tapsın, böyüyə hörmət və kiçiyə rəhm olunsun, məzlum əziz, zalım isə xar olsun. Qəm-qüssə çəkənin kədərinə son qoyulsun, zəiflik aradan qalxsın, avamlar rahatlıq tapsın, ixtilafa son qoyulsun, birlik və vəhdət yaransın, elmin dəyəri ucalsın, sülh hər tərəfə yayılsın, ayrıseçkiliklərə son qoyulsun, iman güclənsin və Quran oxunsun. Həqiqətən, Sən qalibsən, hakimsən, nemət verənsən və minnət qoyansan.” (“Əs-səhifətur-Rəzəviyyə”, səh.127-128.)

Bu dua, İslam aləmini öz tarlasına çevirmiş, ümmətin iqtisadiyyatını şəhvətlərinə, istəklərinə və kef məclislərinə qurban etmiş, insanlar arasında fəsad, əxlaqsızlıq və quldurluğu yaymış və İslamla heç bir əlaqəsi olmayan Abbasi hakimlərinin çirkin siyasətinin nəticəsi olaraq hər tərəfi bürümüş zülm, cəfa və haqsızlıqdan söz açır.

3. İmam Cavad (ə) bu duasını qunutda demişdir. Burada zəmanəsinin hakimlərini xatırlamış və onlara qarğış etmişdir. Duada deyilir:

“Ey mənim Allahım! Sən əvvəlsən, amma saysız-hesabsız əvvəl. Sən axırsan, amma hədsiz-hüdudsuz axır. Sən bizi yaratmısan, amma hansısa səbəbi əldə etmək və hansısa ehtiyacı həll etmək üçün yox. Sən bizi öz hikmətinlə, tam ixtiyarla yaratmısan və bizi sınaqdan keçirmək üçün öz əmrin və qadağanla imtahan edirsən.”

Duanın başqa bir bəndi belədir:

“Sən izzət və şərəf sahibisən. Sən əzəmət sahibisən. Sən ehsan, nemətlər, minnət və bəxşişlərin sahibisən. Sən mükafat və hədiyyə sahibisən. Sən verdiyin sözə əməl edənsən və vəfa sahibisən. Qəlblər Səni yaxşı və dərindən anlamamışdır. Düşüncələrdə Sənin heç bir bənzərin yoxdur. Yaratdıqlarından heç biri Sənə bənzəmir. Sən beş duyğu üzvləri ilə duyulmaq və dərk edilməkdən pak və münəzzəhsən. Məxluq öz xaliqini bu duyğu üzvləri ilə necə dərk edə bilər? Ey mənim Allahım! Sən zalımların dediklərindən çox-çox ucasan.”

İmam Cavad (ə) Allah-Taalaya həmd-səna dedikdən sonra zəmanəsinin zalım hakimlərinə belə qarğış edir:

“Ey mənim Allahım! Öz dostlarını düşmənlərinə qalib et. Sənin düşmənlərin zalımlar, fəsad törədənlər, əhdini pozanlar, təfriqə salıb zülm və sitəm edənlər, dindən çıxanlardır. Onlar bəndələrini azdırmış, kitablarını (əməldə) təhrif etmiş, hökmlərini dəyişdirmiş, haqqını pozmuş, dostlarının yerində oturmuşlar. Onlar Sənin qarşında buna cürət etmişlər. Peyğəmbərinin (s) Əhli-beytinə (ə) zülm etmişlər. Sənin salamın, salavatın, rəhmətin və bərəkətin Əhli-beytinə (ə) olsun! Düşmənlərin yollarını azmış və bəndələrini də azdırmışlar və Sənin Öz bəndələrinin üzərinə örtdüyün iffət və hörmət pərdələrini yırtmışlar. Ey mənim Allahım! Onlar Sənin malını zəbt etmiş, bəndələrini isə özlərinə xidmətçi və qul etmişlər. Ey mənim Allahım! Onlar Sənin yer aləmini lal, kar və zülmət qaranlıq etmişlər. Onların gözləri açıq olsa da, qəlbləri kordur. Ey mənim Allahım! Sən onlara bütün xəbərdarlıqları etmisən. Onları, ey mənim Allahım, əzabından qorxudub çəkindirmisən, günah və zülmə görə verdiyin cəzanı ibrət olaraq bəyan etmisən. Sənə itaət edənlərə mükafatını vəd etmisən və onları əzabından da xəbərdar etmisən. Buna görə bir qrup iman gətirmiş və Sən də onları dəstəkləmisən. Pərvərdigara! Zalımlardan əsirgəmədiyin cəhənnəmini və əzabını düşmənlərinə və bəndələrinin düşmənlərinə göndər.”

Sonra imam Cavad (ə) Allahın əmrinə itaət edənlərə dua edərək deyir: “Ey mənim Allahım! Mühəmməd və Onun Əhli-beytinə salavat göndər. Sənə sədaqətlə məhəbbət bəsləyənlərin, bizi sevən tərəfdarlarımızın, bizi dili və əməli ilə təsdiq edib tabe olanların, bizə görə insanlara yardım etməklə bizi dəstəkləyənlərin və cəmiyyət içərisində bizi yad edənləri qüvvətləndir. Ey mənim Allahım! Onların dayaq və dəstəklərini gücləndir. Ey mənim Allahım! Onları razı olduğun dində möhkəmləndir. Nemətini onlara tamamla. Onları sədaqətli və səmimi et. Onları saflaşdır və seçilmiş bəndələrdən et. Ey mənim Allahım! Onların yoxsulluğuna son qoy. Ey mənim Allahım! Onların istək və ehtiyaclarını ödə. Ey mənim Allahım! Onların günah və xətalarını bağışla, hidayət etdikdən sonra qəlblərini korlama! Ey Rəbbim, onları günahları ilə özbaşına buraxma. Onlara Sənin dostlarını sevdikləri və düşmənlərinə nifrət etdiklərinə görə bəxş etdiyin paklığı qoru. Həqiqətən, Sən duaları eşidən və qəbul edənsən.” (“Məhcud-dəəvat”, səh.81; “Əl-bələdul-əmin”, səh.657; “Əs-səhifətur-Rəzəviyə”, səh.154.)

Rza Şükürlü (Maide.Az)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده