خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Saturday, November 11, 2017 Xəbər kodu : 31503

Kərbəladan qovulmuş dörd zümrə
Tarix boyu bu dörd dəstə mənfi xüsusiyyətləri ilə İmama yardım etməkdə tərəddüd və büdrəyişlərə düçar olmuşlar

Kərbəla macərası və onun bəla səhrası çirkinliklər və gözəlliklər meydanıdır. Bir çoxları bu ilahi sınaq imtahanından kəsilmiş, bəziləri isə “Eşq karvanı”na qoşularaq qəbul olunmuşlar.

“Dindar o kəsdir ki, bəla keşməkeşində dindar qalsın, yoxsa, rahatlıq və xoş gündə nə çoxdur dindarların sayı!” Bu qiymətli söz Şəhid Aviniyə məxsusdur. (“Məqaleye səyyarere rənc”, Şəhid Mürtəza Avini.)

Bəziləri “Nə olursa olsun, özümü “Eşq karvanı”na yetirəcəyəm!” – deyə düşünənlər bilməlidirlər ki, həmin karvana qoşulmaq elə də asan deyil, bu yolun üzərində qurulmuş bəla və imtahan dolamalarını aşmaq lazımdır. Təəssüf ki, insanın zəif nöqtələri o dolamaları aşmağa imkan vermir.

Allah-Taala dörd zümrəni imam Hüseynin (ə) “Eşq karvanı”na qatılması üçün sınaqdan keçirdi ki, dünya xalqları bilsinlər: “Bu dörd zümrə zəmanənin İmamının (ə) dərdinə dəymir və onun rikabında şəhadət məqamına yetə bilməz. Tarix boyu bu dörd dəstə mənfi xüsusiyyətləri ilə İmama yardım etməkdə tərəddüd və büdrəyişlərə düçar olmuşlar. Bir sözlə, dörd zümrə Eşq karvanına qatılmağa müvəffəq olmadı:

1. Dünyapərəstlər: Kərbəla vaqiəsində bu zümrənin bariz nümunəsi Yezid ordusunun sərkərdəsi Ömər ibn Səddir. İmam Hüseyn (ə) ömrünün son günlərində bir neçə dəfə onunla görüşdü və onu məmur olunduğu ağır cinayətdən imtina etdirməyə çalışdı. Amma Rey mülkü onun ağlını əlindən aldı. İmam Hüseyn (ə) Ömər Sədlə görüşündə ona buyurdu: “Ey Sədin oğlu! Məni tanıdığın və mənim atamın kim olduğunu bildiyin halda, mənimlə müharibə etmək istəyirsən? Hüzuruna qayıdacağın Allahdan qorxmursan? Mənim tərəfimdə olmaq və bunlardan (Bəni-Üməyyə) əl çəkmək istəmirsən?” Ömər Səd dedi: “Qorxuram ki, belə olan halda, mənim Kufədəki evimi viran etsinlər.” İmam Hüseyn (ə) buyurdu: “Mən öz hesabıma sənin üçün bir ev alaram.” Ömər Səd dedi: “Qorxuram xurma bağımı müsadirə etsinlər.” İmam Hüseyn (ə) buyurdu: “Mən sənə Hicazda Kufədəki bu bağlardan da yaxşı bağ verərəm.” Ömər Səd dedi: “Arvad-uşağım Kufədədir, qorxuram ki, onları öldürələr.”

İmam onun bəhanələrini gördükdə, bu cümlələri deyə-deyə yerindən qalxdı: “Niyə şeytanın itaətinə bu qədər israrlısan?... Ümid edirəm ki, İraq buğdasından qismətin çox az olacaq! Nə sənə uzun ömür nəsib olacaq, nə də bir vəzifəyə çatacaqsan.”

Kərbəla hadisəsindən sonra Ömər ibn Səd ömrünün son anlarını Kufədə keçirtdi, dünya səltənətinə – Rey mülkünə də sahib ola bilmədi. Nəhayət, Muxtar qiyam edərək, 66-cı hicri-qəməri ilinin Zil-həccə ayında onu və oğlu Həfsi qətlə yetirdi. (“Əl-fütuh”, İbn Əsəm, 5-ci cild, səh.164-166.)

Ömər ibn Səd və onun kimilər dünya tamahında nəinki öz İmamına köməkdən qaldı, həm də “Rey mülkü” tamahında öz zəmanəsinin İmamının önündə dayandı!

2. Məşrut dindarlar: Bu zümrə öz İmamına və Allahın dininə yardım etmək üçün şərt qoydu; “əgər belə olarsa, sizə qoşular və yardımçı olaram!” Təbəri yazır: “Zəhhakla Malik ibn Nəzr Ərhəbi imam Hüseynin (ə) karvanı Kufəyə doğru hərəkət etdiyi zaman, yol əsnasında o həzrətlə görüşdü. Hər ikisi dindar idi. İmam Hüseyn (ə) onların hər ikisindən yardım istədi. Onlar İmama (ə) yardım edə bilməyəcəkləri üçün üzrxahlıq etdilər. İmam (ə) bunun səbəbini soruşduqda, Malik ibn Nəzr dedi: “Mənim borcum var, həm də ailə başçısıyam.” Zəhhak isə İmamın (ə) dəvətini şərtlə qəbul edib dedi: “Mənim də əhli-əyalım var, həm də camaata borcluyam. Amma icazənizlə, o vaxta qədər sizə yardımçı ola bilərəm ki, ətrafınızda döyüşçü olsun!” O, imam Hüseynin (ə) karvanına qoşulub Kərbəlaya gəldi və hətta Aşura günü döyüşdü. Amma İmamın (ə) səhabələrinin şəhadətə yetdiyini və bir neçə nəfərin qaldığını gördükdə, İmamın (ə) hüzuruna gəlib dedi: “Ey Peyğəmbərin (s) övladı! Aramızdakı şərti xatırlayırsınızmı?!” İmam (ə) buyurdu: “Bəli, beyətimi sizin üzərinizdən götürdüm, siz azadsınız! Amma de görüm, düşmən qoşununun arasından necə çıxıb canınızı qurtaracaqsınız?” Zəhhak dedi: “Atımı xeymədə gizləmişəm, elə buna görə də piyada döyüşürəm.” (“Ənsabul-əşraf”, Bilazəri, 4-cü cild, səh.73.)

3. Bəsirətsizlər: Tarix bizi məcbur edir ki, böyük şəxsiyyətlərin bəsirətsizliyini unutmayaq və onların bəsirətsizliyi və uyğunsuz rəftarlarından bir ibrət alaq! Çünki nə çox şəxsiyyətlər İmama (ə) yardımçı olmağı düzgün dərk etmədiklərindən karvandan geri qaldılar və sonradan da peşman oldular, amma sonrakı peşmançılığın nə faydası! Süleyman ibn Sürəd Xüzai bu xislətin ən bariz nümunəsidir. Tarixə görə, o, Kufə şiələrinin nüfuzlu şəxslərindən idi. Siffeyn döyüşündə imam Əlinin (ə) sərkərdələrindən və həmin dövrün İslam alimlərindən biri idi. Amma imam Həsənin (ə) dönəmində o həzrətlə Müaviyə arasında bağlanılan sülh müqaviləsinə qarşı etiraz etdi və hətta imam Hüseynin (ə) hüzurunda da imam Həsənin (ə) bu hərəkətinə öz etirazını bildirmişdi. O, məktub yazıb imam Hüseyni (ə) Kufə şəhərinə dəvət edənlərin ilk təşəbbüskarlarından oldu. Amma o həzrətin səfiri həzrət Müslimi Kufəyə daxil olduqdan sonra himayə etmədi və sonra da imam Hüseyni (ə) Kərbəla vaqiəsində yalqız qoydu.

4. Əhli-əyala bağlı olanlar: Ailəyə, övladlara, qohum-əqrəbaya və dostlara sevgi gərəkli bir məsələ olsa da, sözsüz, insan elə bu bağlılıqlar vasitəsilə sınanır. Allah-taala “Ənfal” surəsinin 28-ci ayəsində buyurur: “

وَ اعْلَمُوا أَنَّما أَمْوالُكُمْ وَ أَوْلادُكُمْ فِتْنَةٌ

“Bilin ki, mallarınız və övladlarınız fitnədir – sınaq vasitəsidir.”

Demək, bu bəhanələrlə zəmanənin İmamını (ə) yalqız qoymaq böyük günahdır. Tirimmah ibn Ədiyy Tai bu xislətin nümayəndəsidir. O, “Əl-həcanat” məntəqəsində dörd süvari ilə birlikdə Kufədən çıxıb imam Hüseynə (ə) qoşuldu, Kufənin durumu haqda məlumat verdi və İmamın (ə) karvanının sayının az olduğunu gördükdə, dedi: “Sayınızı az görürəm, təkcə Hürrün qoşunu sizə qalib gəlmək üçün kifayətdir. Mən Kufədən çıxmamışdan bir gün qabaq çoxlu sayda insanın sizinlə döyüşə hazırlaşdığını gördüm. Mən indiyə qədər bu qədər qoşun görməmişəm. Sənə and verirəm Allahı! Mümkündürsə onlara yaxınlaşmayın, bizim qəbiləmizin sayı çoxdur. Birgə gedəyin bizim qəbiləmizin yanına! Bizim qəbiləmiz səni himayə edər!” İmam Hüseyn (ə) buyurdu: “Allah sənə və qəbilənə xeyir versin! Amma bu qoşunla (Hürrün qoşunu) peyman bağlamışıq ki, onu poza bilmərəm.”

Tirimmah, İmamdan (ə) icazə istədi ki, Kufədən alıb gətirdiyi ərzaq məhsullarını öz əhli-əyalına yetirsin, onlarla vidalaşıb geri dönsün və karvana qoşulsun. O karvandan ayrıldı, amma ailəsinə baş çəkib geri döndükdə, yol əsnasında imam Hüseynin (ə) şəhadət xəbərini aldı. Beləcə, “Eşq karvanı”ndan geri qaldı! (“Əl-kamil”, İbn Əsir, 4-cü cild, səh.50.)

Rza Şükürlü (Maide.az)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده