خبرگزاری شبستان

چهارشنبه ۲۶ مهر ۱۳۹۶

الأربعاء ٢٨ المحرّم ١٤٣٩

Wednesday, October 18, 2017

Servis xəbərlərinin titri

Referendum keçmişdə qaldı; indi Barzaninin istehfası tələb edilir

Şəbistan Xəbər Agentliyi: Yusif Məhəmməd: İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzaninin istefası bu məntəqə sakinlərinə böyük bir xidmət olacaq.

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Monday, October 02, 2017 Xəbər kodu : 31078

Əhli-Beyt (ə) əsirləri Kufə yolunda
Ömər ibn Səd Aşura günü aхşamçağı imam Hüsеynin (ə) mübarək başını Хuli ibn Yеzid və Həmid ibn Müslim Əzdinin vasitəsi ilə İbn Ziyada göndərdi. Həmçinin əmr еtdi ki, qalan şəhidlərin başlarını da bədənlərindən ayırsınlar.

Ömər ibn Səd Aşura günü aхşamçağı imam Hüsеynin (ə) mübarək başını Хuli ibn Yеzid və Həmid ibn Müslim Əzdinin vasitəsi ilə İbn Ziyada göndərdi. Həmçinin əmr еtdi ki, qalan şəhidlərin başlarını da bədənlərindən ayırsınlar. Sonra onların bədənlərindən ayrılmış başlarını Şimr ibn Zilcövşən, Qеys ibn Əşəs və Əmr ibn Həccacın vasitəsi ilə Kufəyə İbn Ziyada göndərdi. Ömər ibn Səd Aşura gününü və Məhərrəm ayının 11-ci gününü günortaya qədər Kərbəlada qaldı. Günortadan sonra öz ölülərinin cəsədlərini bir yerdə basdırıb, öz qoşunu ilə birgə Kufəyə doğru yollandı və Məhərrəm ayının 12-də Əhli-beyt əsirləri Kufəyə gətirildi, əsirlərin qabağında da şəhidlərin kəsilmiş mübarək başları nizələrə sancılmış halda aparılırdı.

Şimr ibn Zilcövşən sevinə-sevinə hamıdan qabaq atını çapır, öz ətrafındakılara əmr edirdi ki, camaatı nəzarət altında saxlasınlar. Kişi-qadın, böyük-kiçik – hamı əsirlərə tamaşa etmək üçün yol ətrafına toplaşmışdılar. Əsirlər şəhərə daxil olduqda, camaat nizələrdə imam Hüseynin (ə), Həbib ibn Məzahirin, Müslüm ibn Ovsəcənin başlarını görüb tanıdılar. Sonra Əhli-beytin qadın-uşaqlarını, xanım Zeynəbi, Ümmü-Gülsümü də gördülər. Camaatın gözündən peşmançılıq yaşı axırdı. Tamaşaçılardan bəziləri Ömər ibn Sədin qoşununa deyirdilər: “Lənət olsun sizə, ey alçaq yırtıcılar! Rəsulullahın ciyərparəsini dəvət etdiniz, sonra isə öldürdünüz, qadın və uşaqlarını Roma əsirləri tək özünüzlə gətirdiniz.” Ağlaşma səsi hər tərəfi bürümüşdü.

XANIM ZEYNƏBİN (Ə) XÜTBƏSİ

Nagəhan əsirlərin içindən xanım Zeynəb (ə) əli ilə işarə etdi ki, camaat sakitləşsin. Hamı onu tanıyırdı. O, Əmirəlmöminin Əlinin (ə) qızıdır, uzun illər Kufədə elə bu camaatla birgə yaşamışdı. Hamı onun ehtiramına sakit oldu, qorxunc sükut hər yeri bürüdü. Xanım Zeynəb sözə başladı:

“Həmd olsun uca Allaha, salam olsun Allahın Rəsulu Mühəmmədə (s), onun övladlarına, yaxşı və pak insanlara! Ey kufəlilər! Ey hiyləgər və riyakar camaat, ey vəfasızlar və əhd-peymanı pozanlar! Bizə görə ağlayıb göz yaşı axıdırsınızmı? Bizə təəssüflənirsinizmi? Həmişə göz yaşınız axar olsun, nalələriniz kəsilməsin. Bizim gözlərimizi ağlar qoyub, qəlbimizə əbədi dağ vurdunuz. Siz saçlarını gözəl darayan, sonra isə hörüklərinin hamısını açıb bir-birinə qarışdıran dəli qadınlara oxşayırsınız. Siz əvvəl də məkr və hiylə ilə saçlarınızı möhkəm hördünüz, sonra isə açdınız. İçinizdə yalandan, xudbinlikdən, fitnə-fəsaddan, düşmənçilikdən başqa bir şey yoxdur. Siz kənizlər kimi yaltaq, düşmənlər tək hiyləgərsiniz. Siz eynilə zibillikdə göyərən bitkiyə bənzəyirsiniz... Doğrudan da, axirətiniz üçün nə qədər də pis azuqə topladınız! Çünki Allahı qəzəbləndirib, özünüz üçün əbədi əzab hazırladınız. Bizi öldürəndən sonra halımıza ağlayırsınız? Allaha and olsun ki, ağlamağa layiqsiniz; çox ağlayıb az gülün; çünki siz adınıza elə əbədi rüsvayçılıq damğası vurdunuz ki, su belə onu pak edə bilməz. Son peyğəmbərin ciyərparəsini, behişt gənclərinin sərvərini, öz əməlisaleh adamlarınızın pənahgahı olan bir insanı öldürməyi nə ilə əvəz edəcəksiniz? Hər işdə və əməlinizdə ona pənah aparırdınız. O, sizin qanunlarınızı icra edirdi, düşmənlərlə höcətləşəndə sizə yol göstərirdi. O, sizin böyüyünüz idi, şəriət hökmlərini ondan öyrənirdiniz. Ey camaat! Çox böyük günaha batıb qiyamətiniz üçün çox pis zəxirə hazırladınız. Ölüm olsun sizə, məhv olasınız! Sizin səyləriniz daha fayda verməyəcək. Əlləriniz qırılsın. Özünüz üçün zərər-ziyan yığdınız. Dünya və axirət ziyanına düçar oldunuz, ilahi əzaba layiq görüldünüz. Xarlıq və yoxsulluq sizə qələbə çaldı. Vay olsun sizə, ey Kufə əhalisi! Heç bilirsinizmi, Allahın Rəsulunun hansı ciyərini parçaladınız? Onun hansı qanını yerə tökdünüz? Peyğəmbərin hansı hörmətini tapdaladınız? İsmət hərəmlərini pərdəsiz çölə salıb, əsir etdiniz? Ey camaat, böyük zülm, çirkin bir işə əl atdınız. Az qalır sizin bəd əməllərinizdən səmalar yarılsın, yer parçalansın, dağlar dağılsın. Sizin iyrənc işləriniz, rüsvayçı, yaramaz hərəkətləriniz yeri-göyü bürümüşdür. Göydən qanın yağmasınamı təəccüb edirsiniz? Amma bilin ki, axirət əzabınız şiddətli, xaredici və rüsvayedici olacaqdır. Heç kəs sizə kömək etməyəcək. Allahın sizə verdiyi bu möhlət əzabı heç də yüngülləşməyəcək. Çünki O, günahkarları cəzalandırmaqda heç vaxt tələsməz. O, intiqam vaxtının keçib getməsindən heç də qorxmur. Bilin ki, Allah günahkarların intizarındadır.” (“Lühuf”, Seyid ibn Tavus, səh.90)

Xanım Zeynəb (ə) o böyük izdihamın içərisində, daha doğrusu, düşmən nizələrinin arasında Bəni-Üməyyənin yaramaz əməllərini ifşa etdi. Ravi deyir: Camaat xəcalət və peşmançılıqdan başlarını aşağı dikib hönkür-hönkür ağlayırdılar. Peyğəmbər sülaləsinin, risalət mədəninin, behişt gənclərinin sərvərinin qətlə yetirilməsi kimi qara ləkəni özlərindən necə siləcəklərini bilmirdilər. Artıq iş-işdən keçmişdi; əbədi ziyankarlıq və ilahi qəzəbi özləri üçün satın almış, dünya rüsvayçılığını qazanmışdılar. Bəli, axirət əzabı daha çətin, daha üzücüdür. Əgər bunu bilsəydilər!

İMAM HÜSEYNİN (Ə) QIZI FATİMƏNİN (Ə) XÜTBƏSİ

Xanım Zeynəbin (ə) xütbəsindən sonra imam Hüseynin (ə) qızı Fatimə bir xütbə söyləyərək, kufəlilərin hiylələrinin üstündən pərdəni götürdü. Həmin xütbənin bir hissəsində belə deyilir: “Ey Kufə camaatı! Ey hiyləgər hoqqabazlar! Bilin ki, Allah-Taala bizi sizin, sizi də bizim vasitəmizlə imtahana çəkdi. Bizim imtahanımızın nəticəsi çox yaxşı oldu – Allah bizə Öz lütfünü bağışladı. Lakin siz Allahın yer üzündəki höccətini, elm və hikmət xəzinəsini nahaq yerə şəhid etdiniz. Böyük Allah Öz peyğəmbəri Mühəmmədin (s) vasitəsilə bizim ailəmizə kəramət bəxş etdi, bizi Öz məxluqlarından üstün etdi. Amma siz nankor camaat bizi təkzib edib kafir oldunuz, qanımızı nahaq yerə axıtdınız, əmlakımızı qarət etdiniz, elə təsəvvür etdiniz ki, biz qeyri-müsəlman övladıyıq. Siz bundan bir az qabaq cəddim Əmirəlmöminin Əlini (ə), dünən isə atam Hüseyni şəhid etdiniz. Qanımız sizin əllərinizdən damır ki, bu damcılar da ürəklərinizdə bizə qarşı bəslədiyiniz keçmiş kin-küdurətdən qaynaqlanıb. İndi gözləriniz aydın, qəlbləriniz şad olsun. Siz Allaha qarşı hiylə işlətdiniz, amma O, tədbir sahiblərinin ən yaxşısıdır. Allah sizi öz cəzanıza çatdıracaq, Onun əzabının intizarında olun. Allah sizi bir-birinizin canına salacaq. Əlinizdən çıxanlara təəssüflənməyiniz faydasızdır. Baş verən hadisəyə şadlıq etməyiniz də səmərəsizdir. Əlləriniz kəsilsin, Allahın əzabının intizarında olun! Bu dünyada bir-birinizin canına düşəcək, axirət əzabında da əbədi qalacaqsınız. Allah zülmkarlara lənət etsin. Ey kufəlilər, vay olsun sizə, heç bilirsinizmi ki, hansı əllərlə bizi vurdunuz? Hansı ayaqlarla bizə tərəf gəldiniz? Heç bilirsinizmi ki, bizimlə necə döyüşə qatıldınız? Allaha and olsun ki, qəlbləriniz rəhmsiz, ürəkləriniz daşdır. Allah qəlbinizə, qulaqlarınıza, gözlərinizə möhür vurmuş, şeytan sizin çirkin əməllərinizi gözünüzdə gözəl cilvələndirmiş, gözlərinizə pərdə çəkmişdir. Hidayət yolunu seçə bilmirsiniz. Ey Kufə əhli, əlləriniz kəsilsin, görün risalət xanədanından nə qədər qanlar sizin boynunuzdadır! Siz Peyğəmbərin (s) qardaşına – cəddim Əli ibn Əbu Talibə, onun övladlarına, pak ailəsinə qarşı nə cinayətlər törətmədiniz?!

Nəhayət camaat dilləndi: “Ey Peyğəmbər oğlunun qızı, daha bəsdir, qəlbimizi yandırdın, kökümüzü odladın.”

Bu vaxt Ümmü-Gülsüm sözü xülasələşdirib dedi: “Üzünüz qara olsun, niyə imam Hüseynə (ə) kömək etmədiniz? Niyə onu şəhid etdiniz? Niyə bizim mal-dövlətimizi qarət, özümüzü isə əsir etdiniz? Niyə o pak qanları axıtdınız?”

İMAM SƏCCADIN (Ə) XÜTBƏSİ

Sonra imam Səccad (ə) camaata buyurdu ki, sakit olsun, hamı dərhal sakitləşdi. O həzrət Allaha həmd-səna еtdi, Pеyğəmbərin (s) adını çəkib ona salam göndərdikdən sonra buyurdu:

أَيُّها النّاسُ مَن عَرَفَنِي فَقَد عَرَفَنِي وَ مَن لَم يَعرِفنِي فَأَنا أُعَرِّفُهُ بِنَفسِي أَنَا عَلِيُّ بنُ الحُسَينِ بنِ عَلِيِّ بنِ أَبي طالِبٍ ع أَنَا ابنُ مَن انتَهَكَت حُرمَتُهُ وَ سُلِبَت نِعمَتُهُ وَ انتُهِبَ مالُهُ وَ سُبِىَ عِيالُهُ أَنَا ابنُ المَذبُوحِ بِشَطِّ الفُراتِ مِن غَيرِ ذَحلٍ وَ لا تِراتٍ أَنَا ابنُ مَن قُتِلَ صَبراً وَ كَفىٰ بِذلِكَ فَخراً أَيُّها النّاسُ فَأُنشِدُكُمُ اللهَ هَل تَعلَمُونَ أَنَّكُم كَتَبتُم إِلى أَبِي وَ خَدَعتُمُوهُ وَ أَعطَيتُمُوهُ مِن أَنفُسِكُمُ العَهدَ وَ المِيثاقَ وَ البَيعَةَ وَ قاتَلتُمُوهُ فَتُبّاً لِما قَدَّمتُم لِأَنفُسِكُم وَ سُوأَةً لِرَأيِكُم بِأَيَّةِ عَينٍ تَنظُرُونَ إِلى رَسُولِ اللهِ ص إِذ يَقُولُ لَكُم قَتَلتُم عِترَتِي وَ انتَهَكتُم حُرمَتِي فَلَستُم مِن أُمَّتِي

“Ey Kufə camaatı, məni tanıyan tanıyır, tanımayan isə, bilsin ki, mən Əli ibn Hüsеyn ibn Əbu Talibəm. Mən o kəsin oğluyam ki, Fəratın sahilində heç bir günahı olmadan, heç bir cinayət törətmədən başını kəsib mal-dövlətini qarət, əhl-əyalını əsir etdilər. Mən o kəsin oğluyam ki, işkəncələrlə şəhid edildi. Bu iftixar bizə bəsdir. Ey camaat, sizə Allahı and verirəm, deyin görüm, siz atama məktub yazıb məkr və hiylə üzündən onunla peyman bağlayan, sonra isə onu qətlə yetirənlər deyilsinizmi? Ölüm olsun sizə ki, axirətinizin əməl dəftərini pis hazırlamısınız. Əgər Peyğəmbər sizə desə ki, “siz mənim oğlumu öldürdünüz, hörmətimi saxlamadınız və mənim ümmətim deyilsiniz”, ona nə üzlə baxıb, nə cavab verəcəksiniz?”

İmam Səccadın (ə) sözü bura çatdıqda, kufəlilər uca səslə ağlamağa başladılar. Həzrət buyurdu: Allah rəhmət еləsin o kəsə ki, mənim nəsihətimi qəbul еdəcək, mənim vəsiyyətimi Allah, Pеyğəmbər (s) və onun Əhli-bеytinin yolunda qoruyacaq. Çünki, bizim gеtdiyimiz yol Pеyğəmbərin (s) yoludur.

Birdən kufəlilər hamılıqla haray çəkib dedilər ki, ey Pеyğəmbərin oğlu, biz hamımız sənin sözünə qulaq asacağıq, biz səninləyik, sənə itaət еdəcəyik, sənin əhd-pеymanını qoruyacağıq və hеç vaхt səndən ayrılmayacağıq... Biz Yеziddən intiqam alacağıq, sizə zülm еdənlərdən üz döndərəcəyik!” Lakin imam Səccad (ə) onlara belə cavab verdi:

هَيهاتَ هَيهاتَ أَيُّها الغَدَرَةُ المَكَرَةُ حِيلَ بَينَكُم وَ بَينَ شَهَواتِ أَنفُسِكُم أَ تُريدُونَ أَن تَأتُوا إِلي كَما أَتَيتُم إِلى آبائِي مِن قَبلُ

“Heyhat, heyhat, ey hiyləgərlər, hoqqabazlar! Atamın başına gətirdiklərinizi mənim də başıma gətirmək istəyirsiniz? Heç vaxt! And olsun Allaha ki, bizim yaralarımız hələ sağalmamışdır. Atam dünən şəhid, əhli-əyalı isə bu gün əsir oldu. Bu, unudulası deyildir. Bütün varlığım yaralıdır. Xahişim budur ki, bizim nə əleyhimizə, nə də xeyrimizə qiyam edəsiniz!” Bu çıxışlardan sonra Əhli-beyt əsirlərini İbn ziyadın sarayına apardılar. (“Lühuf”, Seyid ibn Tavus, səh.115)

Rza Şükürlü (Maide.Az)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده