خبرگزاری شبستان

سه شنبه ۲ خرداد ۱۳۹۶

الثلاثاء ٢٧ شعبان ١٤٣٨

Tuesday, May 23, 2017

Servis xəbərlərinin titri

Bizim seçkilərin mesajı milli birlik və beynəlxalq dialoq idi

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası prezidenti deyib: İran xalqı cümə seçkilərində dünya demokratiyalarının ən yüksək səviyyəsində iştirak etdi.

Servis Əsas səhifə Zaman :   Friday, March 17, 2017 Xəbər kodu : 29318

Təbiətin Novruzundan qəlbin Novruzuna
Şəbistan Xəbər Agentliyi:Novruz günlərini yaşayırıq. Bu günlər insanın yenilənməsini, təravətlənməsini simvolizə edir.

Bismilləhir-Rahmənir-Rahim.

Novruz günlərini yaşayırıq. Bu günlər insanın yenilənməsini, təravətlənməsini simvolizə edir. Ölü təbiət dirildiyi kimi, insanların da qəlbi dirilik ab-havası ilə dolmaqdadır. Novruzda hər bir şey dirildiyi kimi, hər bir insan da bu dünyadan əbədiyyətə qovuşmaq məqamında diriləcək və Haqq dərgahında duracaq. Və belə olduqda, Novruzun bayram şadlığını yaşamaqla yanaşı, onun mahiyyətində olan həqiqətləri dərk etmək, onları yaşatmaq - ən vacib məsələlərdəndir. Bunların arasında mərkəzi yeri – insanın bu dünyada müvəqqəti yaşaması və bu dünyanın əbədi dünya astanası olması anlamı tutur.

 

Axirət üçün yaradılma

Təbərrük üçün İmam Əlinin (ə) İmam Həsənə (ə) buyuruşlarından bir neçə nöqtəyə diqqət edək. Əmirəlmöminin (ə) İmam Həsənə (ə) buyurur: “Ey oğlum! Bil ki, sən əslində dünya üçün deyil, axirət üçün yaradılmısan. Qalmaq üçün deyil, getmək üçün xəlq olunmusan. Sən köçüləsi bir mənzildə, davamsız, müvəqqəti verilən bir sarayda axirət yolunun üstündəsən. Sən – ölümün təqib etdiyi fərarisən. Ona görə qorx ki, ölüm, onlara görə tövbə edəcəyini vəd verdiyin günahların başında səni haqlasın və səni tövbə etməyə qoymasın. Bu vaxt özünü məhv etmiş olarsan”.

Diqqət edək bir neçə nöqtəyə ki, adət üzrə insanın yaşayışı, mövcudiyyəti vaxtı özünə məşğul olması, daha dəqiq desək, qapanması amili var. Özünə başının qarışması amili var. Yəni, insan gündəlik qaçaqaç içində unudur onu ki, nə üçün xəlq olunub. İnsan unudur onu ki, gerçəkdə nə üçün mövcuddur. İnsan olduğu yerin necəliyini yaddan çıxarır. İnsan adət üzrə qarşıdan onu nə gözlədiyini diqqətindən qaçırır.

Məsələni bir az da sadələşdirək. Elə təqribi diqqət yetirilsə, hər bir insan görəcək ki, yaşayışı, güzəranı o cürdür ki, hər gün yeni-yeni məşğuliyyətlər, mövzular çıxır qarşısına. Bunların hər biri bu və ya digər formada insanın başını qatır. Əslində, sadəcə qatmır, onu əsas mövzulardan yayındırır.

Mübarək İmam Əli (ə) məntiqində vurğu ona edilir ki, insan axirət üçün yaradılıb. Bir var insan dünya üçün yaradılmış olardı – onda dünyada öz yerini xoş etmək üçün gördüyü əməllər məntiqi yükə minərdi. Bəli, əgər insan dünya üçün xəlq olunsa idi, onun yolunun başlanğıcı və yetişəcəyi son mənzil bu dünya həyatından ibarət olsaydı, buradakı həyatı yekun bilinsəydi, nəticə bilinsəydi – bütün işlərini elə tənzimləyərdi ki, buradakı həyatında uğura çatsın, mühüm nəticələrə yetişsin və bu kimi. Amma mübarək dinimiz xəbərdarlıq edir ki, insan axirət üçün yaradılıb. Yəni, insanın yaradılışının məqsədi – axirətdir. İnsan dünya üçün yaranmayıb və dünya – insanın mövcudiyyətinin yekun yeri deyil. İnsanın yaradılışının məqsədi deyil.

 

Qalmaq yox, getmək

Hədisin davamında bildirilir ki, insan qalmaq üçün deyil, getmək üçün xəlq olunub. Bir var insan burada qalası olaydı. Onda məntiqlisi bu olaydı ki, insan burada qalmaq üçün uyğun gələn, burada karına gələn işlər görəydi. Amma insan gedəsi olduğundan, onun dünyada qalmağa yüklənən işlər görməsi məntiqsiz olardı.

Fərz edək ki, insan bir yerə qonaq gedib. Orada davamlı olaraq qalmaq fikri yoxdur və bilir ki, belə bir imkanı da yoxdur. Müvəqqəti gəldiyi bu məkandan getməlidir. Artıq vaxt-vədə yetişıb, amma insan yola çıxmaqla bağlı heç bir tədarük görməyib, səfər üçün heç bir hazrlığa rəvac verməyib. Və bu azmış kimi, özünü elə aparır, işlərini elə qurur ki, sanki bu səfərdən geri mənzilə dönməyəcəkdir.

Amma əslində nə görürük? Gündəlik həyatda insan bir yerdə qalma müddətindən asılı olaraq, orada qalma şəraitini də fikirləşir. Davamlı qalacaqsa həmin yerdə, oranın hər bir şəraitinə, hər bir vəziyyətinə, hər bir məsələsinə fikir verir. Amma insan bilsə ki, bir yerdə davamlı qalmayacaq, misal üçün, bilsə ki, ancaq bir qış burada olacaq, yaxud, yayda gedib, qışı buralarda qalmayacaq – hazırlığını müvafiq edər. Və onun üçün qəribə olardı, əgər olduğu mövsümə uyğun deyil, olmayacağı zaman kəsiminə uyğun hazırlıqlar həyata keçirsə idi. Belə edən insanı heç kəs rasional adlandırmaz.

Amma dünya həyatında müvəqqəti olduğunu tam yəqinliklə bilən insanın, burada əbədi qalacaq kimi bir hazırlıq görməsi də eynilə absurd görünür. Və bu prizmadan baxdıqda, insanın hansı durumda axirət dünyasına tərəf getməsi, gedərkən özü ilə hansı azuqəni götürməsi mühüm əhəmiyyət kəsb edir.

 

Köçüləsi mənzil

Hədisin davamında işarə edilir ki, insan köçüləsi bir mənzildə qərar tutub. Yəni, insan bir yerdədir ki, burada köçmək üçün yerləşdirilib. Burada nəinki əbədi qalmayacaq, hətta məskunlaşması heç davamlı da deyil.

Davamsız, müvəqqəti verilən bir sarayda sakindir insan. Buranın davamiyyəti yoxdur.

Axirət yolunun üstündə olması vurğulanır insanın. Buradakı vəziyyətinə görə, durumuna görə insanın axirətdə hara gedib çıxacağı müəyyənləşir.

Mübarək hədisdə insanın ölümdən yayınan, ölümün təqib etdiyi bir fərari olması bəlli edilir. Və insan ölümdən nə qədər uzaqlaşmaq istəsə də, bunun bir xeyri yoxdur. Ölüm – insanın ardıncadır. Bir gün gələcək, insan dünyasını dəyişəcək. Necə ki, buyurulub, insan bir gün başa düşəcək ki, bura üçün deyil, axirət üçün yaranmışdır. Bir gün başa düşəcək ki, burada qalmaq üçün deyil, buradan getmək üçün gəlmişdir. Ölüm anında hər bir insan başa düşəcək ki, bura – köçüləsi bir mənzil idi. Davamsız, müvəqqəti bir yer idi.

İnsan fərqinə varmalıdır ki, bir gün ölüm onu haqlayacaq. Və bu anlamdan irəli gələn vəziyyətə hazır olmalıdır. Mübarək hədisdə vurğulanır ki, insan elə bir anda ölüm tərərfindən haqlana bilər ki, günah yükünün altındadır və bu yükü atmamış bir vəziyyətdir. Sanki “bu gün-sabah”a salıb, günah yükünü yerə atmağı uzatmış bir durumdadır insan və tövbə etməyə, o cümlədən, ruhunu zədələmiş xislətlərdən can qurtarmağa macal tapmamış bir vəziyyətdə bulunarkən, ölüm onun başının üstünü ala bilər.

Fərz edilən və həqiqi faydalılıq

Diqqət yetirsək, mübarək hədisdə sadəcə deyilmir tövbə edin, günahlardan çəkinin, gəlin bir hala ki, Allaha tərəf qayıdasınız, özünüzü xilas edəsiniz. Fikir veririk ki, Əmirəl-möminin (ə) öncə ciddi xatırlamalar edir. Anladır ki, insan burada müvəqqətidir, buradan gedəsidir. Bəs işlər ki, görülür, əməllər ki, edilir – bunları edərkən, bunları həyata keçirərkən insan diqqətli olmalıdır ki, onlar faydalıdır, ya yox. Və faydalılığı ötəridir, ya qalarlı. Faydalılığı dünya üçündür, ya axirət üçün. Faydalılığı fərz ediləndir, yoxsa həqiqi.

Eləcə də insana xatırladılır ki, davamsız, müvəqqəti, köçəri mahiyyətli bir yerdədir. Bir gün buradan gedəcəkdir. Bəs əməllərə diqqətli olmaq gərəkdir ki, onlar insanı nəyə kökləyir. Əməllərə diqqət yetirmək lazımdır ki, insanın haraya, nəyə yönümlü olmasını müəyyən edir. Əməllərə diqqət yetirmək lazımdır ki, nə ilə qarışıb. Əməllərin keyfiyyət göstəricisinə diqqət yetirməlidir. Ola bilsin ki, onlarda günah yükü var. Ola bilsin ki, fərqinə varmır əməllərində nələrin qarışığının olmasının. Ola bilsin ki, günah yükündən qurtulmaq niyyəti var, amma təxirə salır. Bir gün ayılır ki, artıq möhlət yoxdur, cavab vermək məkanına üz tutub. Artıq nəyisə dəyişdirmək iqtidarında deyil. O şeylərdən ki, uzaqlaşmaq istəyir – imkanı yoxdur.

Bir nöqtə də var ki, insanın müvəqqətiliyinin ən acınacaqlı cəhəti – bu müvəqqətiliyi real başa düşməməsidir. Həqiqi müvəqqətilik ondadır ki, insan bunu nə vaxt qurtaracağından bixəbərdir. Bu anlam, onun hər an müvəqqəti məkanı tərk etməsi reallığını dərk və qəbul etməsi faktını nəzərə almasını labüd edir. Bu baxımdan, insanın etməli olduğu əsas iş – hər an bu məkandan ayrılmağa hazır olmaq və ən başlıcası – günah yükünü özü ilə aparmamaqdır. O işlərdən ki, insan əl çəkməyi, tövbə etməyi planlaşdırır – bunu etmək imkanından məhrum ola bilər və həyata keçirməyə macal tapmamış, ölüm onu haqlaya bilər.

 

Təxirə salmaq problemi

Hər bir insanın ən böyük problemi budur – təxirə salmaq. Hərənin müəyyən çatışmazlıqları var. Hərənin müəyyən qüsurları, müəyyən problemləri var. İnsan Allahla özü arasında əslində nə olduğunu hamıdan yaxşı bilir. Hərə öz durumuna, öz əhvalına görə dəqiq bilir ki, Allah Təala qarşısında hansı nöqsanları, çatışmazlıqları var. Mübarək İmam Əli (ə) məntiqində dəqiq vurğulanır ki, bu nöqsanların islahını təxirə salmaq lazım deyil. Bunların tövbəsini gecikdirmək gərək deyil. Bu gün imkanın, vücudi durumun nəyə çatırsa, o nöqsanların tövbəsini et, o xislətlərin islahını həyata keçir. Təxirə salma, xilasını, islahını məhz bu gün et. Nicatını bu gün tap. Çünki, ölüm səni hər an haqlaya bilər. Zira, o vəziyyətdə insanın imkanı olmayacaq tövbə etsin. O zamankı peşmançılıq fayda verməyəcəkdir.

Hər bir insanın bu məsələlərdən çıxara biləcəyi ən ciddi nəticə odur ki, insan bir dəqiq həqiqəti hər zaman yadında saxlamalı, diqqət mərkəzində tutmalıdır. Bu həqiqət – ölümün reallığı və insanın hər zaman bu reallıqla qarşılaşmaq perspektividir. İstənilən an ölüm insanı haqlaya bilər. Ölüm – haqq olan bir şeydir. İnsanın sağlamlığına fövqəl fikir verməsindən, ölümün reallığı ilə barışıb-barışmamasından, ölümə hazır olub-olmamasından asılı olmayaraq, onun ölümlə rastlaşması faktı qaçılmazdır. Bu, gec və ya tez, arzuolunan və ya arzuolunmaz şəraitdə ola bilər. Amma, bu gerçəkliyin labüdlüyü danılmazdır. Digər bəhslərimizdə biz qeyd eləmişdik ki, insan əcəl saatını yaxınlaşdırıb-uzaqlaşdıra bilir. Sileyi-rəhm etməklə, sədəqə verməklə, yetimə nəvaziş etməklə və digər gözəl əməllərlə insan öz həyatını uzada bilir. O cümlədən, ona əmanət olaraq verilmiş bədən əzalarının, orqanizminin qorunması sayəsində də.

 

Hansı yüklə getmək

Bu, başqa bir bəhsdir. Hazırkı bəhsimiz insanın ölüm anını seçməməsi və bu barədə xəbərdar olmaması üzərindədir. Bu anlam, insanın haqq-hesab dünyasına hazır getməsini məsələ olaraq qoyur. Yəni, imtahan və sınaq dünyası olan bu həyatdan cavab dünyasına insan özü ilə reqress səciyyəli, tənəzzül təbiətli bir yük aparmamalıdır. Mühüm olan məqam – insanın bu dünyadan gedən zamankı halıdır. İnsan qəflət pərdəsini gözündən çəkib, ayıq nəzərlərlə ətrafına baxsa, görər ki, cavan, sağlam insanlar da belə, hər gün bu dünya ilə vidalaşırlar. Bu baxımdan, Əmirəlmömininin (ə) göstərişi ki, insan bu dünya üçün deyil, axirət üçün yaranıb, insanın yaranış fəlsəfəsi axirətdir – fövqəl əhəmiyyət kəsb edir. Bu müddəa insanın üzərinə, müvəqqəti mənzilində yaşayarkən, bu müvəqqətilik amilinə uyğun yaşamaq vəzifəsini qoyur. Bu müvəqqəti mənzilin, müvəqqəti dayanacağın xas məsələləri insanı aldatmamalı, çaşdırmamalı, özünə cəzb etməməlidir.

Məsələn, bir insan xarici bir ölkəyə gedir, orada bir-iki gün qalacağını planlaşdırır. Tutaq ki, bu insana telefon nömrəsi lazım olur. Hansı daha məntiqli olar: bu şəxs bir neçə günlük işləyə bilən həddə bir nömrə əldə etsin, yoxsa neçəsə aylıq? İnsanın bu dünyada qalmasının qısa müddətliliyi ilə bağlı vəziyyət də analojidir. Bu dünyadakı nemətlərdən faydalana biləcəyi qədər bunlara diqqət etsə, insanın hərəkətləri məniqi yüklə yüklənmiş olar. Yox, əgər burada əbədi qalacağı kimi ağına-bozuna baxmadan dünya nemətlərini toplamağa girişsə - çox məntiqsiz və ağılsız hərəkət etmiş olar.

 

Nemətlərdən faydalanmağın fəlsəfəsi

Dinimiz bizə deyir ki, bu dünyadakı nemətlərdən faydalan. Amma, o cür bəhrələn ki, bir gün gedəcəyini unutmayasan. Yəni, getməyinə lazım olan miqdarda bəhrələn bu nemətlərdən. Mövcudiyyətin üçün, normal, layiqli yaşamın üçün zəruri olan qədər bəhrələn. Bundan artıq etməyin mənasız və əhəmiyyətsizdir – çünki, onsuz da istifadə edə bilməyəcəksən. Bəs onda istifadə edə bilməyəcəyin nemətlərə görə əsl, həqiqi hədəfini nə üçün itirirsən?! İnsan o cür faydalanmalıdır ki, getməyinə gərəkli bir durum əldə etsin. O nemətlər ki, onun axirət mənzilinə yaxşı keçid etməsi üçün xidmət etməlidir, əgər bunlar nəinki tək bu keçidin keyfiyyətliliyinə mane olur, hətta bir ağır yük kimi onu əzablı perspektivlərə düçar edir – bundan pis nə ola bilər?!

Allaha pənah aparırıq o durumdan, o əməllərdən ki, bizi bu dünyanın axirətin astanası olması anlamından ayrı salır və ruhi durumumuzun islah edilməsini təxirə salmaqla, bizi əbədi həyata kor-peşman vəziyyətdə aparır.

Olur ki, insan yalan danışır, qeybət edir, kiminsə haqqını pozur, yediyində-içdiyində, baxışında halal-harama riayət etmir. Dinimiz buyurur ki, bu vəziyyətdən qurtulmağın yolu - həqiqi tövbədir. O tövbə ki, insan öz əməlindən həqiqətən peşman olur, bu əmələ qayıtmamaq əzmində olur və bu əməlin törətdiyi ruhi deformasiyaları aradan apara bilir. Və ən əsası – insan bu tövbəni, ruhun təmizlənməsini təxirə salmamalıdır, bu gün-sabaha ötürməklə qəlbinin zədələnmiş vəziyyətində dünyadan köçməsinə rəvac verməməlidir.

Günahlar öz-özünə müalicə olunan bir şey deyil. İnsan onlara xüsusi diqqət yetirməli, onları sıralamalı, onların islahını özü üçün ən ümdə vəzifələrdən biri kimi qəbul etməlidir. Bu dünyadan təmiz qəlblə, Allah Təalının ona verdiyi təmiz ruh əmanətini qaytarmaqla əbədi dünyaya köçməsinin üzərində düşünməlidir. Çalışaq bu nöqtələrdən özümüz üçün, gündəlik həyatda tətbiq üçün dərslər əxz edək. Həm bu dünyanın müvəqqətiliyinə, ötəriliyinə diqqət yetirək, bura üçün deyil, axirət üçün yaradılmağımızın fərqinə varaq, həm də hər an bu dünya ilə vidalaşmaq imkanının mövcudluğunu nəzərə alaq.

Allah Təala bu işdə cəmi inanlara tofiqat qismət etsin! Amin!

 

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده