خبرگزاری شبستان

سه شنبه ۲ خرداد ۱۳۹۶

الثلاثاء ٢٧ شعبان ١٤٣٨

Tuesday, May 23, 2017

Servis xəbərlərinin titri

Bizim seçkilərin mesajı milli birlik və beynəlxalq dialoq idi

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası prezidenti deyib: İran xalqı cümə seçkilərində dünya demokratiyalarının ən yüksək səviyyəsində iştirak etdi.

Servis Əsas səhifə Zaman :   Tuesday, January 03, 2017 Xəbər kodu : 28453

Təhtəlşüurdakı Allah - ELMİ ARAŞDIRMA
Şəbistan Xəbər Agentliyi: Allahı qəbul edib şüur müstəvisində dindarlıq edən kəslərin dindarlıq hissi təhtəlşüur müstəvisinə keçmir...

Quran insani yaşayış kodekslərindən ibarət bir külliyyat, doğrunu yalnışdan ayırmağa kömək edən bir bələdçi, insanları zülmətdən nura sarı çıxaran bir hidayət kitabıdır. Bu kitab bəzi elmi həqiqətlərə işarə etsə də bütünlükdə elmi kitab deyil. Deyərdim ki, müsəlman cəmiyyətinin dünyəvi elmlərdə müvəffəqiyyət əldə etməməsinin və günü gündən geriləməsinin səbəbi elmi sahədə də “Bizə Allahn kitabı yetərlidir” iddiası ilə  Quranın bir elmi kitab kimi təqdim edilməsi və bütün elmlərin elə Quranda olması yanaşmasıdır.  Quran biologiya sahəsi barədə müəyyən məlumat verə bilər, ancaq bu onu Bilogiya kitabı etməz.  Quran Aydan, Günəşdən, ulduzlardan, kəhkəşanlardan, planetlərdən danışa bilər, amma bu onu astronomiya kitabına çevirməz. Quran müəyyən riyazi məsələlərə işarə edə bilər, lakin bu onu riyaziyyat kitabına çevirməz. Biz Quranı astronomiyanı, riyaziyyatı, həndəsəni, fizikanı, kimyanı və s. elmləri öyrənmək üçün oxumalı deyilik, əksinə, bu elmləri məhz Quranı daha yaxşı dərk etmək üçün öyrənməliyik.

Dediyim kimi, Quran elmi məsələlərə işarə etsə də daha heç bir elm sahəsi barədə təfərrüatı ilə danışmır.  Sadəcə “ştirx kodlarla” danışaraq insanları həmin həqiqətlərin araşdırılmasına sövq edərək özünün doğrudan da bir səmavi kitab olmasını və elmi ecazkarlığını başa salmağa çalışır.

Allah-taala Qurani-Kərimdə buyurur:

“(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində  mütləq göstərəcəyik...”1

Bu ayə insanın ətraf mühit və aləm, həmçinin  özü və öz daxili aləmi barədə sahib olacağı elmlərdən xəbər verən və bu vastə ilə də Allahı tanıyıb ona iman gətirməyə kömək edən Quranın elmi ecazkarlığından biridir.

Müasir nəzəriyyəçilərdən bəziləri Quranın təfsirində müxtəlif elm sahələrindən o cümlədən sosiologiya və psixologiya elmlərindən istifadə edilməsini ayələri daha dərindən dərk etməkdə fydalı, zəruri və lazımlı olduğunu qeyd edirlər.

Quranın mətninin dərki və təfsiri sahəsində yeni düşüncəlilərin deyərdim ki, rəhbəri hesab edilən Əmin Əl-Xuli İslami tədqiqatları ehtiva edən ensiklopedik məlumatlar toplusu olan “Dirətul-məarif əl-islamiyyə” də nəşr edilən məqaləsində bu məsələni təkidlə vurğulayaraq Quran təfsirində psixoloji nəzəriyyələr və psixologi məlumatlardan istifadə ayələrin dərk olunmasını xeyli asanlaşdıracağını qeyd edir. O, belə yazır:

“Quran ayələrinin psixoloji təfsirində diqqət ediləsi nöqtələrdən biri də ritorika (bəlağət elminin)-natiqlik elminin psixologiya ilə bir başa əlaqəsinin olmasıdır. Hər iksininin müştərək məlumatları Quranın psixoloji müstəvidə də ecazkarlığını qəbul etmək və ona inanmaq üçün zəmin yaradır. Digər tərəfdən də Quran nəfsin (ruhun-psixikanın) fəaliyyəti barəsində ancaq öz dəvəti çərçivəsində söhbət açır. Buna görə də bu qəbil ayələrin qəbul edilməsi və təfsiri bu elmin (psixologiya elminin) məlumatlarına əsasən mümkündür. Psixologiya nəzərə alınmadan bəzi ayələrin mənası düzgün anlaşılmayacaq, çox sadə və primitiv görsənəcək ki, belə sadə məlumat və yanaşmalar  da insanın ürəyini aram edə bilməz.  Çünki Quranın məqsədi belə primitiv və sadə yanaşmaların sərgilənməsi ola bilməz”.

İndi isə gəlin Quranın bəzi ayələrini daha yaxşı anlamaqdan ötrü “şəxsiyyət psixologiyasının” məlumatlarına əsasən onun bəyan etdiyi məqamlardan birinə işarə edək.

“Şəxsiyyət psixologiyası” (humanistik psixologiyavə ya “üçüncü qüvvə psixologiyası”) 60-cı illərdə Amerikada yaranmış yeni bir psixoloji istiqamətdir. Bu  istiqmətin Neo-Freydizm (psixoanaliz) və davranış psixologiyasından (biheviyorizm) fərqi bundan ibarətdir ki, bu cərəyan mövcud psixoloji məktəblərin hansınısa araşdırmağa və ya onun yeni şəraitinə uyğunlaşmağa cəhd göstərmir. Əksinə adından da göründüyü kimi (üçünü qüvvə) şəxsiyyət psixologiyası biheviyorizm-psixoanaliz dillemasının hüdudlarını aşmağa və insan  psixikasına-şəxsiyyətinə yeni bir baxış bucağının açılmasına yönəlmişdir. “Şəxsiyyət psixologiyanın” əsas prinsipləri aşağıdakılardan ibarətdir:

1. Şüurlu təcrübənin rolunu xüsusi təkidlə vurğulayır;

2. İnsanın təbiətcə vahid xarakterə (xarakter bütövlüyünə) malik olmasına inam;

3. Şəxsiyyətin iradə azadlığına, kortəbiilyi və yaradıcı gücünə xüsusi diqqətin yetirilməsi;

4. İnsan həyatının bütün faktorlarının və hadisələrinin tədqiq edilməsi (öyrənilməsi);

Şəxsiyyət psixologiyanın köklərinə psixoanaliz məktəbində də rast gələ bilərik. Freydin mövqeyinin əksinə olaraq Horni, Erikson və Alport israr edirdilər ki, insan hər şeydən öncə şüurlu və iradə azadlığına malik bir varlıqdır. Onlar insanın mahiyyətini onun azadlığında, kortəbiiliyində və davranışlarına özünün səbəb ola biləcəyi bacarığına malik olmasında bilirdilər.

Şəxsiyyət psixologiyasının tanınmış ardıcıllarından biri də loqoterapiya-ekzistensial psixoanalizin banisi hesab edilən avstriyalı psixiator, psixoloq, nevroloq Viktor Emil Frankldır. Psixoterapiya sahəsində onun irəli sürdüyü terapiya metodlarına, nəzəriyyələrə Avropa və Amerika psixoloqları tərəfindən xüsusi diqqət yetirilirdi. Duan Şults özünün “İnkişaf (yaş) psixologiyası” kitabında onun metod və nəzəriyyləri barədə ümumilikdə söz açmış və onları araşdırmışdır.

Bu yazıda biz Franklın “Təhtəlşüurdakı Allah” kitabının mehvəri olan nəzəriyyəsinə işarə edəcəyik.

Psixologiya insanın tannmasına xeyli kömək edib. Amma bir həqiqəti inkar edə bilmir. O da budur ki, elmlər zaman keçdikcə inkişaf edir. Bu gün biheviyorizm faydalı hesab edilib qəbul olunsa da  artıq “davranış terapiyasını” insanın özü barədə suallarına cavab vercək yeganə vastə kimi təqdim etmək yalnış olardı. Bu gün Freydin “təhtəlşür”nəzəriyyəsi mühüm kəşflərdən hesab edilir. Buna baxmayaraq insanları psixoloji kopleksli bir varlıq hesab edən, demək olar ki, hamını müxtəlif dərəcəli psixoz adlandıran, nəzəriyyəsinin əsasını (ümimi mənada olan) seksual kompleks təşkil edən Freyd psixoanalizi  psixoterapiya sahəsində tənha söz sahibi olan bir metod deyil.   Onun ardıcılları və həmkarları tədricən psixoloji ünsürlər, psixoloji pozuntular  barədə düzəlişlər etməyə və onların tətbiqinə başladılar. Yollarını Ferydin məhdud təfəkkür məktəbindən ayıran ilk şəxslər Adler və Yung oldu.

Günümüzün psixoanaliz və psixoterapiyası daha geniş üfüqlərə yol tapmış və Freydin insan barədə ümidsizliyə qapan məhdud fikirlərdən xilas olmuşdur.

Təhtəlşüur barəsində Karl Qustav Yung,  Erix From, Viktor Emil Frankl və digərlərinin də  müxtəlif və maraqlı mülahizələri və nəzəriyyələri vardır. Bu mülahizələr arasında Dr. Franklın fikirləri daha çox diqqəti cəlb edir. Dr. Frankla görə insanın təhtəlşüru iki hissəlidir:

1. İnstinktiv (psixiki) təhtəlşüur (Instinctual Uonscious)2;

2.  Mənəvi (ruhi) təhtəlşüur (Spiritual Unconscious)3.

Dr. Frankl deyir ki, şüur səthindəki hər hanasısa bir nəsnəni  boğmaq ( və ya ona göstərilən basqı), onun şüuraltına ötürlməsinə gətirib çıxarır və əksinə basqı aradan qaldırıldıqda təhtəlşüurdakı nəsnə şüur səthinə ötürülür.4 Lakin o, Freydin “təhtəlşüur” barəsindəki nəzərinə işarə edərək belə  deyir: “Freyd, təhtəlşüurun mənəvi tərəfini nəzərə almadan  onu instinktiv hesab etməklə yanaşı  həm də təhtəlşüuru bədnam etmişdir”.5

Əgər təhtəlşüur iki növdürsə, deməli, ona göstərilən basqı və onu boğmağın da iki növünün olması təbiidir. Eqzistensial analiz mənəvi (ruhi) təhtəlşüuru kəşf etməklə  psixoanalizin ilişib qaldığı problemdən, yəni təhtəlşüur barədə ideya qumaqdan çəkindi.6

Frankl öz nəzəriyyəsində insan barədə hər növ bir tərəfli intellektual və rasioanal yanaşmalardan çəkinərək terapiyalarında mənəvi (ruhi) təhtəlşüura dayanaraq exsistensial analiz metodundan stifadə etməyə başladı. Nəzəriyyəsinin növbəti mərhələsində isə mənəvi təhtəlşüurda şüuraltı dindarlığın mövcud olmasını aşkar etdi.

“Fenomenoliji7 təhlilimiz nəticəsində aşkar edilən bu şüuraltı dindarlıq insanın fitrətindən qaynaqlanan ilahi ilə gizli əlaqə kimi başa düşülməlidir. Hər bir kəs istəyərsə, bu əlaqəni “zati öz” (Immenent Self) və “transendental o” əlaqəsi çərçivəsində dərk edə bilər. Lakin kimsə bunu nizamlı formaya salmaq istəsə, o zaman biz elə bir nəsnə ilə üzləşirik ki, mən istəyirəm ki, onu mənəvi (ruhi) təhtəlşüurun bir hissəsi olan transendental (ali) təhtəlşüur (şüuraltı) adlandıraq. Bu məfhumun da mənası bundan ibarətdir ki, təhtəışüur həddində olsa da belə insan daima könüllü və iradi formada Allahla əlaqə yaratmağa hazırdır. Əkər bir kəs belə bir şüuraltı əlaqənin müstəqil müraciət yerini “Allah” adlandırarsa, o zaman “şüuraltı Allahdan” (yəni təhtəlşüurdakı Allahdan) söz açması daha münasibdir. Amma bu  heç də Allahın özünün özünə münasibətdə (özünün) də təhtəlşüurda olması anlamında deyil. Bu Allahın bəşər üçün təhtəlşüurda və bəşərin Allahla əlaqəsinin şüuraltı bir əlaqə formasında olmasının mümkünlüyü mənasındadır.”8

O mənəvi (ruhi) təhtəlşüurun hətta ondan üstün olan, transendental (ali) təhtəlşüur adlandırılan nəsnənin instiktiv deyil, eqzistensial bir faktor (varlıq faktoru) olduğuna söykənir. Belə bir həqiqət isə psixofiziki reallığa deyil, ruhun varlığına aiddir.9 Bu da o Franklın Quranın Allah və dinə inamın fitri olması fikrinə nə qədər yaxın olduğunu çatdırır. Onun bu psixoanalitik kəşfi hətta bizə “ələst aləmini ”(aləmi-zərr, ruhlar aləmi, yaradılışın əvvəlini) də dərk etməkdə yardımçı ola bilər. Deməli, Allah axtraşışı insanın vücudundan qaynaqlanan bir məsələdir.

Allahı qəbul edib şüur müstəvisində dindarlıq edən kəslərin dindarlıq hissi təhtəlşüur müstəvisinə keçmir. Lakin mənəvi (ruhi) təhtəlşüur məsələsini qəbul etməklə özündə dindarlıq hissini boğan və ya bu hissi başqaları tərəfindən boğulan şəxslərdə nə baş verir? (Təhtəlşüurundakı varlıq şüur müstəvisinə keçirmi?) Bu Franklın nəzəriyyəsindəki həmin mühüm nöqtədir ki,  bura qədər qeyd olunanların hamısı məhz bu nöqtənin dərk olunmasından ötürü idi.

Dr. Frankl deyir: “Təhtəlşüur barədə ümumi şəkildə qeyd edilənlərə nə aiddirsə (şəxsin instinktiv istəklərini boğaraq onların təhtəlşüura ötülməsi ilə psixonevroza mübtəla olması kimi) onlar xüsusi şəkildəki şüuraltı dindarlığa da aiddir. Yəni, dindarlıq hissinin də boğulmsı psixonevroza gətirib çıxaracaq”.

O, Freydin obsessiv nevroz nəzəriyyəsini rədd edərək belə yazır: “Pasientin obsessiv nevrozunun səbəbi onun dindarlığı da ola bilər. Lakin həqiqətdə isə, kliniki məlumatlar və sübutlar göstərir ki, insanlardakı dindarlıq hissinin süstləşməsi və zəifləməsi onların dini dərk etmələrində və  anlamalarındakı pozuntuya səbəb olur. Başqa və daha sadə dillə desək, daxillərindəki mələk əzilb boğulduğu andan etibarən, bir divə çevrilir. Hətta sosial-mədəni müstəvidə də bənzər hallarla qarşılaşa bilərik. Bir çox hallarda dinin xürafat və fanatizmlə əzilib boğularaq dəyişdirildiyinin şahidi olmuşuq. Günümüzdə ifrat rassionallığın, texnologiyanın, elm və s. az qala “allaha” çevirilməsi dindarlıq hissini qurbana çevirən və dinin boğulub əzilməsində istifadə olunan vastələrdəndir. Bu həqiqət bəşərin bu gününki vəziyyətinin ən ümdə hisəsini şərh edir (əlbəttə, din istisna olmaqla). Bu da elə Freydin nəzəriyyəsinin təcəssümüdür ki, deyir “bəşəriyyətin cahanşümul obsessif nevrozunun səbəbi dindir”.

Yuxarıda qeyd edilənlərdən sonra, nəticə olaraq bunları yazır: “Bu fəsli xülasələşdirdikdə mümkündür ki,  Allahın intiqamçı olduğu qənaətinə gələcək qədər irəli gedək. Çünki bəzən psixonevrozun  bəşərin Allahla qurmuş olduğu yalnış əlaqənin cəzası və cəriməsi olduğu nəzərə çarpır”.

Dr. Frankl bu psixoloji problemi (psixonevrozu) “təhtəlşüurda əzilmiş-boğulmuş dini emosiaların (hisslərin)“ nəticəsi hesab edir və belə yazır: “Biz Freydin dediyi kimi təhtəlşüurda təkcə əzilmiş-boğulmuş libido (bioloji olaraq təyin olunmuş şüursuz cinsi həvəs, cinsi həzz alama hissi) və seksual enerjinin olduğunun deyil, əzilmiş-boğulmuş dini emosiaların və hisslərin də varlığını görürük”.

Diqqət etdinizsə, burada qeyd edilənlər nə bir din aliminin, nə ilahiyyatçının, nə də hansısa rahibin nəzəriyyəsi yox, psixoanalizdə  xüsusi bir metodun (loqoterapiyanın) təməlini qoyan avropalı məşhur bir psixoloqun nəzəriyyəsidir. Onun da bu nəzəriyyəsi bu gün böyük psixoloji assosasialar, kliniki təcrübə mərkəzləri tərəfindən təsdiqlənir və qəbul edilir.

İndi isə baxın görün Quran əsrlər öncə bu həqiqəti necə aydın və aşkar şəkildə bəyan edib. Allah-Tala Qurani-Kərimdə Allahı unutmağı psixoloji problemlərdən biri olan özünüunutmanın və unutqanlığın səbəbi kimi qeyd edərək buyurur:

“Allahı unudan, buna görə də (Allahın) onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir”.10

Başqa bir ayədə isə Allahı unutmaq çətin və məşəqqətli həyat tərzinin səbəbi kimi təqdim edilir:

“Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”. (Allah) deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!”11

Gördüyünüz ki, ayələrin birində Allahı unutmaq, o birisində isə Allahdan (ilahi nişanələr və dindən) üz döndərmək məsələləri önə çəkilir. Psixonevroza gətirib çlxaran unutqanlıq (özünüunutma) və məşəqqətli yaşayış məşəyi məhz Allahı unutmaq və Allahın dinindən üz çevirməkdən qaynaqlanır. Burada qeyd olunan çətin və məşəqqətli yaşayış deyildikdə fəqirlik nəzərdə tutulmur. Belə olsaydı heç bir qeyri-mömin və qeyri-dindar maddi rifah içində olmazdı. Burada bəzən maddi rifah içində yaşayan, ali thəsildə, ailə, uşaq və s. maddi məsələlərdə də müvəffəqiyyət əldə etmiş insanların da qarşılaşdığı nevroz və boşluq  hissi nəzərdə tutulmuşdur.

Mənəvi boşluğun terapiyya yolları

Dr. Frankl bu xəstəliyin terapiyasını da psixoloji xəstəliklərdə istifadə olunan terapiya metodundan istifadə olunmasını önə çəkir. Yəni, əzilib-boğulma vastəsi ilə şüur müstəvisindən təhtəlşüur müstəvisinə keçən şeyi yenidən şəxsin şüur müstəvisinə geri qaytarırıq. O, exsistensial analiz metodunun din barədə Freydin nəzəriyyələrinin fövqündə dayanaraq çox-çox irəli getdiyini qeyd edir. Lakin əbədi görünən bir rallıq haqqındakı fikirlərimiz, daim bu reallığın ətrafında yəni öz varlığını aşkar edən insanın daxili dindarlığı ətrafında dövr etməkdədir. Bu sözün əsil mənasında fenomenoloji epmrizmə dayanan dəqiq bir faktıdır.

Təkidlə vurğulanır ki, yenidən təhtəlşüur səviyyəsinə qayıdan və ya boğulub əzilən də elə bu reallığın və faktın özüdür. Belə bir şəraitdə loqoterapiyanın öhdəsinə düşən iş pasienta onun təhtəlşüurdakı dindarlığını xatırlatmaqdır. Yəni, bu dindarlığın növbəti dəfə onun şüur müstəvisinə qayıtmasına icazə vermək və bunun üçün şərait yaratmaq deməkdir. Bütün bunlardan sonra isə loqoterapiyanın vəzifəsi eqzistensial analiz metoduna əsalanaraq psixonevrozun hansı həddə olduğunu sonuna qədər araşdırmaqdır.

Bəzən nevroz bircə çatışmamazlığın fonunda araşdırılmalıdır ki, o da şəxslə Allahın arasındakı əzilmiş-boğlmuş (dağıdılan) əlaqədir. Dindarlıq duyğusunun boğularaq ali təhtəlşüurda gizlənməsinə baxmayaraq, aşkarlana və özünü ürək sıxıntıları, narahatçılıq formasında biruzə verə bilir.

Diqqət etdinizsə, Dr. Franklın qeyd etdiyi bu sözün yuxarıdakı ayədə qeyd olunan “sıxıntılı güzaran, məşəqqətli həyat və s. - “ ifadəsi ilə  oxşarlığının fərqinə varmısınız.  Güman edirəm ki, qeyd olunan bu ayədə də Allah müşriklərin təhtəlşüurundakı Allahı şüur müstəvisinə çıxarmaqdan ötrü belə dialoq qurur ki, onlar çarəsiz qalıb öz daxili ehtiyaclarına əsasən Alahın varlığını etiraf etsinlər. Quran Allahın kitabına asi oalaraq öz cahil ata-babalarının yolu ilə gedib şirk və küfrdə həddi aşan kəslər barədə belə buyurur:

“Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar hökmən: “Allah!”– deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu (bunu) bilmir”.12

Əslində elə peyğəmbərlərin də göndərilmə hədəfi insanların fitrətini oyatmaq,  psixologi təbirlə desək, onların təhtəlşurundakı məlumatları şüur müstəvisinə çıxarmaqdan ibarətdir. Bu barədə, yəni, peyğəmbərlərin göndərilmə hədəfi və onların üslubu haqda Hz.Əli (ə) belə buyurur:

“Beləliklə, (insanların) ilahi fitrətə əsaslanan əhd-peymana  əməl etmələrini tələb etmək və Allahın unudulmuş nemətlərini (insanlara) xatırlatmaqdan ötrü onların arasında Öz elçilərini seçdi və peyğəmbərlərini onlara sarı yolladı”.13

Deməli, Dr.Frankl deməyə çalışdığı bundan ibarətdir ki, dindarlıq və Allahı tanıma insanın fitrətindən qaynaqlanan və təhtəlşurunda proqramlaşdırılmış bir kerçəklikdir. Lakin insanın dindən üz çevirməsinin səbəbi isə müəyyən travmalar nəticəsində şüur müstəvisində olan dindarlıq hissinin boğularaq yenidən təhtəlşüura ötürülməsi və nəticədə daha dərin psixologi gərkinliklərə (məsələn, nevroz kimi) səbəb olub bir daha şüur müstəvisinə qayıtmamasından qaynaqlanır.

Qeyd etmək yerinə düşər ki, fitrət dedikdə Dr. Farklın nəzərdə tutduğu təhtəlşüur bir hissəsi olan ruhi və ya mənəvi təhtəlşüur nəzərdə tutulmur. Fitrət insan təbiətinin Allahşünasliq və Allah axtarışı kimi hisslərin yerləşdiyi mühüm bir hissəsidir ki, bu hissin aşkarlanmamasını və boğulmasını istədikdə mənəvi (ruhi) təhtəlşüura ötürür. Yəni fitrət istəklərinin şüur müstvisində təmin olinmasını və ya boğularaq təhtəlşüurda gizlənməsini bacaran bir nəsnədir. Buna görə də fitrət həm şüura həm də mənəvi təhtəlşüura aid edilir. Dindarlıq hissini qarşısı alınaraq boğulduğu zaman  fitrətin bu ehtiyacı təhtəlşüura ötürülür və nəticədə şəxs xəstəliyə mübtəla olur. Quranın bu xəstəliyin mülaicsində təqdim etdiyi terapiya metodu da eqzisensial psixoanaliz və terapiya metodundakı kimi şəxsin resurslarının və təhtəlşüurundakı məlumatlarının araşdırılaraq fitrətə əsaslanan əhd-peymanın xatırlanması və Allahla olan əlaqənin şüur müstəvisinə çıxarılmasından ibarətdir. Bunu bacaran kəslər üçün heç bir qorxu, nigaranlıq, qəmginlik üz verən deyil və onlar heç bir zaman mənəvi boşluğa düşən deyillər:

“Həqiqətən də: “Rəbbimiz Allahdır!”- deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.14

__________________________________

1 Füssilət surəsi, ayə 53

2 Duan Şults, İnkişaf (yaş) psixologiyası, Sağlam şəxsiyyət modelləri, farsca tərcümədən.

3 Viktor Emil Frankl, Təhtəlşüurdakı Allah, farsca tərcümədən

4 Viktor Emil Frankl, Təhtəlşüurdakı Allah, farsca tərcümədən, səh.44.

5 Viktor Emil Frankl, Təhtəlşüurdakı Allah, farsca tərcümədən, səh.46.

6 Həmin mənbə, səh.100

7 Fenomenologiya- fenomenləri (görüntüləri) xilas edək deməkdir. Bu, nə deməkdir? Fenomen özünü aşkarlayan, zahir olan bir nəsnə deməkdir. Fenomendə hansısa bir nəsnə özünü yalnız gizlətməklə aşkar edə bilər. Məlum aşkarlıqda özünü gizlətməklə aşkarlayan naməlum batin deməkdir. Demək, fenomenologiya- özünü zahir olanın altında gizlədən nəsnəni xilas edib aşkarlamaq deməkdir. Bu əsasla deyə bilərik ki, idrak və fenomenologiya görsənə bilən nəsnədə gizlin olanı ifadə etmək deməkdir. Buradan aydın olur ki, fenomenologiyanın metodu tarix fəlsəfəsinin metodundan tamamilə fərqlidir. Fenomenologiya, bu mənada, bizim əski mətnlərimizdəki “kəşful məhcub (gizli olanı aşkarlamaq)” və ya Quranın mənəvi təfsirində əsas hesab olunan “təvil” deməkdir. Təvil- hansısa bir şeyi öz kökünə qaytarmaq deməkdir. Demək, təvil olunan hadisə bir mərtəbədən digər mərtəbəyə keçid alır ki, öz strukturu xilas olsun.

8 Həmin mənbə

9 Həmin mənbə, səh.105

10 Həşr surəsi, ayə 19

11 Taha surəsi, ayə 124,126

12 Loğman surəsi, ayə 25

13 Nəhcül-Bəlağə, birinci xütbə

14 Əhqaf surəsi, ayə 13

Bəhruz Camal

313news.net

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده